İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə telefonla danışıb.
"Report"un "Tasnim News"a istinadən məlumatına görə, tərəflər regional məsələləri, xüsusən Fələstin və Yəməndəki hadisələri müzakirə edib, fikir mübadiləsi aparıblar.
Qeyd olunur ki, İran və Qətərin xarici işlər nazirləri Yəmənin ərazi bütövlüyünün və birliyinin qorunmasının vacibliyini vurğulayıblar.
Hər iki nazir İsrailin atəşkəs müqavilələrini pozması, Qəzzaya, Livana davam edən hücumları fonunda Fələstin və Livandakı vəziyyətdən narahat olduqlarını bildiriblər. Əraqçi və Əl-Tani beynəlxalq ictimaiyyətin İsrailə öhdəliklərini tam yerinə yetirməsi üçün təzyiq göstərməsinin vacibliyini vurğulayıblar.