IMG-LOGO

Rusiya ordusu "Naftoqaz" İES və qaz infrastrukturunu hədəfə alıb

27 Dec 2025 20:53 3 baxış
IMG

Rusiya Silahlı Qüvvələri "Şahed" dronları ilə qaz hasilatı obyektlərinə və "Naftoqaz" İstilik Elektrik Stansiyasına (İES) hücum edib.

"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, şirkətin mətbuat xidməti İES-in və qaz hasilatı ilə məşğul olan müəssisələrin vurulduğunu bildirib.

Eyni zamanda, "Naftoqaz Ukrayna" Milli Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Sergey Koretski qeyd edib ki, Rusiyanın hücumları soyuq havaların başlaması ilə bağlıdır. Onun sözlərinə görə, düşmənin məqsədi şaxtadan və yüklənmədən istifadə edərək sistemi sıradan çıxarmaqdır.

"Qəza briqadaları, texniki xidmətlər və bütün aidiyyəti bölmələr gücləndirilmiş rejimdə çalışır", – o əlavə edib.

Ukraynanın energetika nazirinin səlahiyyətlərini icra edən Artem Nekrasov isə bundan əvvəl açıqlayıb ki, Rusiya Silahlı Qüvvələrinin Kiyev vilayətinə dron və raket hücumları nəticəsində yarımstansiyalar, elektrik ötürücü xətləri və ayrı-ayrı enerji istehsalı obyektləri ciddi zədələnib.

Hazırda elektrik və istilik təchizatının bərpası üçün nəticələrin aradan qaldırılması işləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 27-də gecədən səhərə qədər Rusiya qoşunları 40 raket və 519 pilotsuz uçuş aparatı buraxıb.

Xəbər lenti