IMG-LOGO

Vuçiç Serbiyada tezliklə PUA istehsalına başlanacağını bildirib

27 Dec 2025 19:09 4 baxış
IMG

Serbiya Prezidenti Aleksandar Vuçiç qlobal gərginliyin artması və milli təhlükəsizliyin gücləndirilməsi zərurəti ilə bağlı ölkədə 2026-cı ilin yazında pilotsuz uçuş aparatlarının (PUA) böyük istehsalına başlanacağını bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, Vuçiç bunu Serbiya Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin Baş Qərargahının yeni kompleksinin təməlqoyma mərasimində jurnalistlərə bildirib.

Prezident qeyd edib ki, hazırda Serbiyanın kifayət qədər pilotsuz aparatları var, lakin Belqrad onların sayını artırmağa davam edəcək.

"Mart ayının sonunda (2026-cı il - red.) ölkəmizdə böyük dron istehsalı zavodunun açılışını gözləyirəm. Söhbət xarici dövlətlə birlikdə hazırladığımız yüksək texnologiyalı pilotsuz aparatlardan gedir. İstehsal burada, Serbiyada təşkil olunacaq", - Vuçiç qeyd edib.

Serbiya lideri dünyadakı gərgin vəziyyətdən, o cümlədən Rusiya-Ukrayna müharibəsi və Avropa ilə Rusiya arasındakı münasibətlərdən narahatlığını ifadə edib. Prezidentin sözlərinə görə, sülhün qorunması Serbiya üçün əsas prioritet olaraq qalır, lakin ölkə istənilən çağırışlara hazır olmalıdır.

"Ətrafımızdakı vəziyyəti nəzərə alaraq Serbiya və xalqına qarşı hücum ehtimalını istisna edə bilmərik. Biz sayıq, güclü olmalı və bizi qəflətən yaxalanmağa imkan verməməliyik", - o vurğulayıb.

Prezident qeyd edib ki, Belqrad "bu gücü çəkindirici amil kimi gücləndirmək" üçün ordu və müdafiə sisteminin sürətləndirilmiş şəkildə inkişafını davam etdirəcək.

"Yaxın zamanda çox az ölkənin malik olduğu dərinlik və atəş gücü ilə müqayisə oluna bilən çoxsəviyyəli hava hücumundan müdafiə sistemi ilə təmin olunduğumuzu deyə biləcəyik", – Serbiya lideri əlavə edib.

Xəbər lenti