İsveçrənin müdafiə naziri Tomas Zyussli ölkəsinin özünü tammiqyaslı hücumdan qorumaq qabiliyyətində olmadığını bildirib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" "Neue Zürcher Zeitung"a (NZZ) istinadən məlumat yayıb.
Onun sözlərinə görə, rəsmi Bern Rusiya tərəfindən artan risklər fonunda hərbi xərclərini artırmalıdır:
"İsveçrə kritik infrastruktura qeyri-dövlət aktorları tərəfindən edilən hücumlara, eləcə də kiberhücumlara hazırdır, lakin silahlı qüvvələr hələ də ciddi texniki çatışmazlıqdan əziyyət çəkir. Biz məsafədən təhdidləri, xüsusilə də ölkəmizə qarşı tammiqyaslı hücumu dəf etmək iqtidarında deyilik. Etiraf etmək çətindir ki, real fövqəladə vəziyyətdə bütün hərbçilərin yalnız üçdə biri tam təchiz olunmuş olardı".
T.Zyussli həmçinin deyib ki, ölkədə orduya münasibət, Ukraynada müharibə və Rusiyanın Avropadakı vəziyyəti destabilizə etmək cəhdlərinə baxmayaraq, demək olar, dəyişməyib (silahlanmaya kəskin ehtiyac hissi yoxdur - red.):
"Bu da İsveçrənin münaqişədən uzaq olması, ölkənin döyüş təcrübəsinin olmaması və digər məsələlərlə bağlıdır".