Ucar rayonunda sahibsiz itlər üçün sığınacaqların yaradılması planlaşdırılır.
Bunu "Report"un Yuxarı Şirvan bürosuna açıqlamasında Ucar Şəhər Bələdiyyəsinin sədri Əkbər Məhərrəmov deyib.
O, son vaxtlarda rayon ərazisində sahibsiz itlərin çoxalması və onların yerli sakinlərə hücum hallarının artması barədə məlumatlı olduqlarını bildirib:
"Sahibsiz itlərin insanlara hücumundan xəbərdarıq və bununla bağlı aidiyyəti üzrə məlumat vermişik. Həqiqətən, son zamanlar bu ərazilərdə sahibsiz itlərin sayının xeyli artdığı müşahidə olunur. Bütün bunları nəzərə alaraq sahibsiz itlərin daha çox olduğu ərazilərdə sığınacaqların yaradılması üçün müvafiq qurumlara müraciət etmişik və artıq müsbət rəy almışıq. Görüləcək işlərin tamamlanmasından sonra sahibsiz itlərin həmin sığınacaqlara yerləşdirilməsi tərəfimizdən həyata keçiriləcək. Bununla da rayon sakinlərinə təhlükə və qorxu yaradan məsələ öz həllini tapacaq".
Qeyd edək ki, bir neçə gün əvvəl Ucarda daha bir sakin sahibsiz itlərin hücumuna məruz qalıb.

