IMG-LOGO

Ankara Musiqi və İncəsənət Universitetinə Azərbaycanla bağlı kitablar hədiyyə olunub

27 Dec 2025 12:37 5 baxış
IMG

Ankara Musiqi və İncəsənət Universitetinə Azərbaycan mədəniyyəti və tarixinə dair 400-dən çox kitab hədiyyə edilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutub.

Layihə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Ankara və Kayseri şəhərlərində keçirilən "Azərbaycan İncəsənəti Həftəsi" çərçivəsində həyata keçirilib.

Ankara Musiqi və İncəsənət Universitetinin kitabxanasında keçirilən tədbirdə ilk olaraq ali təhsil müəssisəsinə hədiyyə edilən nəşrlərdən ibarət sərginin açılışı olub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyədə ölkəsinin milli mədəniyyətinin təbliği məqsədilə həyata keçirilən layihələrdən danışıb. O, Azərbaycanla bağlı nəşrlərin Türkiyənin aparıcı kitabxanalarına, universitet kitabxanalarına hədiyyə edildiyini bildirib.

Ali təhsil müəssisəsinin rektoru professor Erhan Özden çıxışında Azərbaycanla Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb. Azərbaycan mədəniyyətinin Türk dünyası ölkələri arasında olduqca zəngin və böyük ənənələrə malik olduğunu və layihənin əsas məqsədinin qardaş ölkənin mədəniyyətini daha yaxından tanıtmaq olduğunu söyləyib.

Sonra sərgiyə baxış keçirilib və iştirakçılar Azərbaycan mədəniyyəti, ədəbiyyatı, dövlətçiliyi və tarixi ilə bağlı nəşrlərlə tanış olublar.

Qeyd edək ki, Azərbaycanla bağlı nəşrlər Ankara Musiqi və İncəsənət Universiteti kitabxanasının fondunda yer alacaq.

Xəbər lenti