Ukrayna hakimiyyəti ABŞ-la yerin təkindən istifadə müqaviləsi çərçivəsində ölkənin uran yataqları haqqında məlumatı məxfilikdən çıxara bilər.
"Report"un UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Hasilat Sənayesi Milli Assosiasiyasının direktoru Kseniya Orınçak məlumat verib.
O xatırladıb ki, hökumət mineralların əsas qrupları: almaz, qızıl, litium, niobium, tantal, titan, sirkonium, skandium, platin, iridium, osmium və palladiumla bağlı məlumatları açıqlayıb. Qallium, indium, kadmium, renium, rubidium, selenium, tallium, tellur və seziumla bağlı ayrıca qərar qəbul edilib:
"Hazırda ehtiyatları gizli qalan yeganə mineral ehtiyat uran və uran filizləridir. İqtisadiyyat Nazirliyinin himayəsi ilə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənəcək Təhlükəli Faydalı Qazıntılar üzrə Strategiya hazırlanır.
Assosiasiyamız İqtisadiyyat Nazirliyi, Dövlət Geologiya Xidməti və analitik mərkəzlərlə işləyir. Strategiya layihəsi 2026-2030-cu illərdə kəşfiyyat, hasilat və hazır məhsula emalı stimullaşdıracaq. Strategiyanın hazırda müzakirə olunan tədbirlərindən biri uran məlumatlarının məxfiliyin ləğvi variantıdır".