Ukraynanın dövlət və özəl bankları silah istehsalçılarına dövlət zəmanəti altında 500 milyon dollar kredit vermək üçün konsorsium yaradırlar.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat verib.
"Bank sektoru Ukrayna silah istehsalçılarını dəstəkləmək üçün birləşir. Altı dövlət və özəl bank konsorsium yaradır və dövlət zəmanəti altında üç il müddətinə 21,5 milyard qrivna (təxminən 510 milyon dollar) məbləğində kredit verilməsi haqqında saziş imzalayırlar", - o yazıb.
Şmıqalın sözlərinə görə, bu, Ukraynanın maliyyə bazarı tarixində ən böyük kredit konsorsium sövdələşməsidir.
Müdafiə Nazirliyi, Milli Bank və kommersiya bankları arasında "müdafiə-sənaye kompleksinin kreditləşdirilməsi üçün səmərəli mexanizmin yaradılması" barədə razılıq əldə olunub. "Bu və oxşar qərarlar müdafiə sənayesinə istehsalı genişləndirmək və modernləşdirmək imkanları açır", - Şmıqal qeyd edib.
Nazir, hansı kommersiya banklarının konsorsiumun iştirakçısı olacağını açıqlamayıb.