Tailandın Baş naziri Anutin Çanvirakun bildirib ki, Bankok danışıqlar çərçivəsində Kamboca tərəfinin hər iki ölkənin qoşunlarını münaqişədən əvvəlki mövqeyə qaytarmaq təklifini rədd edir.
"Report" "İnterfaks"a istinadən xəbər ki, Baş nazirin sözləri "Bangkok Post" nəşrində dərc olunub.
"Biz artıq Tailanda aid olduğunu düşündüyümüz bölgələrdə suverenlik qurmuşuq. Güzəştə gedə bilmərik. Danışıqlar Tailandı əldə etdiyi üstünlüklərdən məhrum etməklə yox, reallıqlar nəzərə alınmaqla aparılmalıdır", - Çanvirakun vurğulayıb.
Onun sözlərinə görə, Tailand silahlı qüvvələri ərazi məsələləri ilə bağlı hədəflərə çatdıqlarını təsdiqləyiblər.
Baş nazir, həmçinin qeyd edib ki, Bankok 72 saatlıq atəşkəsə də razıdır, bundan sonra Kambocanın əsir götürülən 18 əsgərinin azad edilməsi mümkün ola bilər.