IMG-LOGO

TÜRKPA sədrinin Azərbaycana səfəri gözlənilir

26 Dec 2025 21:40 6 baxış
IMG

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov Astana şəhərinə rəsmi səfəri çərçivəsində TÜRKPA-nın Baş katibi səfir Ramil Həsəni qəbul edib.

"Report" xəbər verir ki, görüş zamanı Ramil Həsən qısa müddət ərzində TÜRKPA tərəfindən həyata keçirilən fəaliyyətlər, o cümlədən beynəlxalq katibliyin gördüyü işlər barədə Koşanova ətraflı məlumat verib.

O, Türkiyə, Qırğızıstan, Macarıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasına (KKTC) həyata keçirdiyi rəsmi səfərlər, parlament sədrləri və xarici işlər nazirləri ilə baş tutan ikitərəfli görüşlər barədə də məlumat verib.

Baş katib bildirib ki, TÜRKPA Beynəlxalq Katibliyi 2026-cı il üçün İş Planının layihəsini hazırlayıb və müzakirə edilməsi məqsədilə tərəflərə təqdim edib. O, həmçinin TÜRKPA-nın ATƏT Parlament Assambleyasında müşahidəçi statusu əldə etməsi ilə bağlı fəaliyyətdə olan sədr adından rəsmi müraciətin göndərilməsinin məqsədəuyğun olacağını vurğulayaraq bu məsələ ilə bağlı müvafiq tapşırıqların gözlənildiyini qeyd edib.

Görüş zamanı, 2026-cı ildə TÜRKPA tərəfindən "Avrasiyada yeni əməkdaşlıq: Strateji əlaqələrin inkişafında TÜRKPA-nın rolu – Parlament diplomatiyası" mövzusunda beynəlxalq konfransın keçirilməsinin faydalı olacağı da cənab Koşanovun diqqətinə çatdırılıb.

Gələn il üçün nəzərdə tutulan daimi komissiyaların iclasları, eləcə də Macarıstan və Özbəkistana həyata keçirilən son rəsmi səfərlər və Özbəkistanın TÜRKPA-ya tamhüquqlu üzv olması ilə bağlı məsələlərin geniş müzakirə edildiyi barədə də məlumat təqdim edib.

Yerlan Koşanov növbəti ilin birinci yarısında Azərbaycana rəsmi səfərinin gözlənildiyini və TÜRKPA Beynəlxalq Katibliyini ziyarət etməkdən məmnunluq duyacağını ifadə edib.

Görüşdə Qazaxıstan Xarici İşlər Nazirinin müavini cənab Alibek Bakayev və Qazaxıstan Parlamentinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspan iştirak edib.

Baş katibi onun müavini Talqat Aduov və TÜRKPA-nın Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət edib.

Xəbər lenti