IMG-LOGO

Ümumdünya Şəhərsalma Forumu urbanizasiya təcrübəsinin paylaşılması üçün mühüm imkan olacaq - RƏY

26 Dec 2025 18:18 4 baxış
IMG

Gələn il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu urbanizasiya təcrübəsinin paylaşılması üçün mühüm imkan olacaq.

Bunu "Report"a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, bu qərar şəhərlərin formalaşdırılmasına yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin diqqətinin yönəldilməsi üçün mühüm əhəmiyyət kəsb edir:

"Öncə qeyd edim ki, Prezident İlham Əliyevin 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsi urbanizasiya mövzusunun ictimai gündəmin mərkəzinə gətirilməsi baxımından əlamətdar hadisədir. Son illər Azərbaycanda şəhərsalma sahəsində regional və qlobal miqyasda təcrübələr formalaşıb. Şəhər mühitinin müasir şəkildə yenidən təşkil edilməsi, İçərişəhər ərazisinin bərpası və mühafizəsi, sahilyanı zonaların ictimai istifadə üçün açılması piyada məkanlarının genişləndirilməsinə zəmin yaradıb. Bu yanaşma Bakı şəhərinin estetik görünüşü ilə yanaşı, sosial funksionallığını da gücləndirib".

Ü.Zülfiqar əlavə edib ki, regionlarda həyata keçirilən şəhərsalma layihələri də sözügedən standartlara uyğunlaşdırılıb:

"Mərkəzi meydanların yenidən qurulması, park və istirahət zonalarının salınması, inzibati və sosial binaların vahid plan üzrə inşa edilməsi regionlarda urbanizasiya modelinin tətbiqinin uğurlu nəticəsidir. Ən diqqətçəkən təcrübələrdən biri isə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan yeni şəhərsalma modelidir. Qarabağ və Şərqi Zəngəzurda planlaşdırma prosesi müasir texnologiyalar, ekoloji balans və uzunmüddətli dayanıqlılıq prinsipləri üzərində qurulub".

Siyasi şərhçi bildirib ki, "ağıllı şəhər" və "ağıllı kənd" yanaşmaları enerji səmərəliliyi, nəqliyyatın optimallaşdırılması və rəqəmsal idarəetmə baxımından ölkənin urbanizasiya siyasətində keyfiyyətcə yeni mərhələ açıb:

"Bu təcrübə Azərbaycanın şəhərsalma sahəsində yalnız regional deyil, həm də beynəlxalq səviyyədə maraq doğuran model təqdim etdiyini göstərir. Gələn il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu isə urbanizasiya ilə bağlı təcrübələrin dünya miqyasında paylaşılması, həmçinin qarşılıqlı müzakirələr üçün mühüm imkandır".

Xəbər lenti