Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kiyevdə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin zabitinə qarşı sui-qəsd planlaşdıran killeri saxlayıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə UTX məlumat yayıb.
Bildirilib ki, killer Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşıdır və Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən cəlb edilib. O, Ukraynaya "turist" kimi gəlib.
"FTX agenti çoxmərhələli əməliyyat nəticəsində ifşa edilib. Killer Kiyevin mərkəzində ukraynalı hərbçini öldürməyə cəhd edərkən saxlanılıb", - məlumatda deyilir.
"Zabitin öldürülməsi üçün ona 50 min dollar və Aİ ölkələrindən birində leqallaşdırma vəd edilib. Ondan silah-sursat və FTX ilə əlaqələrini sübut edən smartfon götürülüb", - UTX-dən bildirilib.