Rusiyanın "Zenit" klubu Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyevaya yeni müqavilə təklif edib.
Bu barədə "Report"a 23 yaşlı müdafiəçi məlumat verib.
Yığma üzvü hələlik qərar vermədiyini diqqətə çatdırıb:
"Yanvarda komandamız yeni mövsüm üçün toplanacaq. Klubla daha 1 illik müqaviləm qalıb. "Zenit" mənə yeni sözləşmə də təklif edib. Ancaq bununla bağlı hələlik qərara gəlməmişəm. Fikirləşdikdən sonra düzgün olan addımı atacağam".
N.Mirzəliyeva başqa təkliflərinin olduğunu da sözlərinə əlavə edib:
"Avropa ölkələrinin birində özümü inkişaf etdirmək istəyirəm. Yaxşı təklif olsa, düşünəcəyəm, dəyərləndirəcəyəm".
Qeyd edək ki, Nigar Mirzəliyevanın "Zenit"lə müqaviləsinin müddəti 2026-cı ilin sonunadək qüvvədədir.