Azərbaycanın 8 rayon və şəhərində minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilərək ehtiyacları öyrənilib.
"Report" xəbər verir ki, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyinin sədri Rey Kərimoğlu məlumat verib.
Onun sözlərinə görə, AMZA Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə iyundan noyabradək "Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək" layihəsini icra edib:
"Məqsəd Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi olub. Minadan zərərçəkənlərin çalışdığı layihəni Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında və Gəncə şəhərində icra etmişik, beynəlxalq forma olan İMİSMA agentləri ilə sorğular keçirmişik. Nəticədə 400-dən artıq mina qurbanı təxmin edilsə də, 373 nəfəri sorğulara cəlb edə bilmişik. Məlumatları da zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq".
QHT rəhbəri həmçinin bildirib ki, bu, mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına, zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək.
"Azərbaycanda 2016-cı ildə Aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabrında antiterror əməliyyatları olub. Xeyli insan minadan və partlamamış hərbi sursatdan zərər çəkib. ANAMA-nın 2025-ci il dekabrın 18-də təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin iyununadək mina qurbanlarının sayı 3 400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadındır. 2020-ci ilin noyabrından 2025-ci il iyunun 2-dək mina qurbanlarının sayı 415 nəfər təşkil edir. Onlardan 71-i həlak olub, 344-i yaralanıb".