IMG-LOGO

Qusarçay sahilində qoruyucu bəndin inşası ilin sonuna qədər başlaya bilər

25 Dec 2025 19:22 4 baxış
IMG

Qusarçayın Qusar rayonu Balaqusar kəndindən keçən hissəsində torpaq sürüşməsi baş verən ərazilərdə qoruyucu bəndin inşasının ilin sonuna qədər başlanılması nəzərdə tutulur.

"Report"un Şimal bürosuna müraciət edən Balaqusar kəndinin sakinləri Qusarçayın sahil zolağında davamlı hal alan torpaq sürüşməsinin ciddi təhlükəyə çevrildiyini bildiriblər.

Onların sözlərinə görə, çayın sahil ərazilərində torpaq sürüşməsi az qala hər gün təkrarlanır. Sakinlər deyiblər ki, sürüşmə nəticəsində çay yatağı ilə bəzi evlər arasında məsafə artıq 10 metrə qədər qısalıb.

Kənd sakini Gülnarə Xəlilova 2-3 gün öncə onların, sonra isə qonşuluqdakı evin yerləşdiyi ərazidə sürüşmə olduğunu söyləyib:

"Təhlükə böyüməkdədir, hər gün ərazidəki torpağın bir hissəsi sürüşür. 5-10 il bundan ərazidəki meşə də sürüşmə nəticəsində tədricən itib-batıb. Evimiz ilə çay arasında bir neçə metrlik zolaq qalıb. Sürüşmənin qarşısını almaq üçün basdırdığımız dəmir dirəkləri də sel yuyub apardı. Bu təhlükənin qarşısını yalnız möhkəm bənd çəkməklə almaq olar".

Digər sakin Elməddin Musafərli isə deyib ki, ona məxsus fərdi torpaq sahəsi də sürüşmə nəticəsində yararsız vəziyyətə düşüb:

"Həmin torpaq sahəsində ev tikmək istəyirdim. 11 sot torpağın 3 sotu sürüşmə səbəbi ilə əldən çıxıb, cəmi 9 sot yer qalıb. Hər dəfə çaya sel gəldikdə, ərazidə uçqun baş verir. Qoruyucu bənd tikilsəydi, biz də rahat olardıq".

Məsələ ilə bağlı "Report"un yerli bürosunun sorğusunu cavablandıran Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Aslanşah Abuyev ərazidə qoruyucu bəndin inşası üçün tender keçirildiyini, yaxın günlərdə işə başlanılacağını açıqlayıb:

"Qusar rayonunun Balaqusar kəndində çayın məcrasına yaxın riskli ərazilərdə fərdi yaşayış evləri tikilib. Vətəndaşların müraciətləri əsasında tərəfimizdən hazırlanan 2025-ci ilin tədbirlər planına uyğun olaraq həmin ərazidə əsaslı təmir çərçivəsində 100 paqonometr uzunluğunda 718 kub metr daş beton bəndin inşası nəzərdə tutulub. Tender, layihə-smeta sənədləri hazırdır, vəsait ayrılıb. Hava şəraiti ilə əlaqədar işin icrası yubanır".

Xəbər lenti