IMG-LOGO

Kərkicahanda bu ilin sonunadək 40, gələn il isə 280 evin təmiri nəzərdə tutulur

25 Dec 2025 15:37 4 baxış
IMG

Kərkicahan qəsəbəsində bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur.

"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Prezidentin izi ilə şəhərə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Tikinti, Bərpa və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afər Telmanqızı deyib.

O, Kərkicahanda təmir işlərinə bu ilin may ayında başlandığını xatırladıb:

"Qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb. Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də həyata keçirilib. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb".

A.Telmanqızı əlavə edib ki, qəsəbədəki 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb:

"İşğaldan əvvəl bu qəsəbədə 355 ailə olmaqla 1796 azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2 min 531 sakin var".

Xəbər lenti