İqamətgahı Ankara yerləşən Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmud "Report"un Türkiyə bürosuna müsahibəsində qarşılıqlı əlaqələrdən, iki ölkə arasında müxtəlif sahələrin inkişaf etdirilməsinin mümkünlüyündən danışıb:
- Efiopiya-Azərbaycan münasibətlərinin gücləndirilməsi üçün əsas prioritetlər hansılardır?
- Ölkələrimiz arasında diplomatik münasibətlər güclüdür və sürətlə inkişaf edir. Bu münasibətlər Azərbaycana səfər edən yüksək səviyyəli Efiopiya nümayəndə heyətləri və ölkəmizin Bakıda keçirilən COP29-da iştirakı ilə daha da güclənib.
Gələcəkdə bu siyasi əlaqələr ticarətin, biznesin və investisiyaların dərinləşdirilməsinə yönəlmiş davamlı və hərtərəfli tərəfdaşlığı təmin etmək üçün genişləndirilmiş iqtisadi əməkdaşlıq yolu ilə gücləndirilməlidir.
- Azərbaycanın Afrika ölkələri ilə siyasətini necə qiymətləndirirsiniz?
- Azərbaycan son vaxtlar Afrika ölkələri ilə diplomatik əlaqələrini genişləndirir. Beş Afrika ölkəsində səfirliklər açıb ki, bunlardan biri də Efiopiyadır. 1,5 milyard əhalisi, 3,5 trilyon ABŞ dollarından çox ÜDM-i olan, gənc və dinamik əhalisi olan Afrika gələcəkdə iqtisadi güc mərkəzlərindən birinə çevriləcək.
Azərbaycan hökumətinin Afrika ilə hərtərəfli tərəfdaşlığı və əməkdaşlığı gücləndirməyə verdiyi prioritet müdrik bir qərardır və təşviq edilməli vacib addımlardır.
Məsələn, ölkələrimiz arasında əldə edilən anlaşma əsasında Efiopiya Dövlət Qulluğu Komissiyası və Azərbaycan Dövlət Xidmətləri və İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycanın ASAN təcrübəsini müqayisə etmək məqsədilə Efiopiya hökuməti tərəfindən yerli olaraq hazırlanıb və bu ilin aprelində istifadəyə verilib.
Efiopiyanın xarici siyasətinin mərkəzində iqtisadi diplomatiya dayanır. İnvestisiya, ticarət və turizm sahələrində əməkdaşlığı prioritet hesab edir. Afrikanın ən sürətli iqtisadiyyatlarından biri olan Efiopiyanın da Azərbaycana təklif və əməkdaşlıq edə biləcəyi xeyli sahələr var.
- Təkliflər nədən ibarətdir?
- Efiopiya qəhvə, süd məhsulları, küncüt, ədviyyat və digər kənd təsərrüfatı məhsulları kimi yüksək keyfiyyətli məhsullar təklif edir. Eyni zamanda Azərbaycandan sənaye maşınları, neft məhsulları və kənd təsərrüfatı texnologiyaları idxal etmək üçün güclü potensial mövcuddur. Bu sahələr artıq Azərbaycan tərəfi ilə müzakirə olunub və iqtisadi mübadilənin genişləndirilməsində açıq qarşılıqlı maraqla dəstəklənir.
- Efiopiya ilə Azərbaycan arasında yüksək səviyyəli səfərlər gözlənilirmi?
- Bu mərhələdə Efiopiya ilə Azərbaycan arasında çox fəal qarşılıqlı əlaqə mövcuddur. Hələlik konkret tarix və müddət təsdiqlənməsə də, hər iki tərəfdən tələblər və mübadilələr mövcuddur. 2026-cı ildə Bakıda keçiriləcək beynəlxalq tədbirdə - Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycan hökumətindən rəsmi dəvət almışıq. Bu dəvət hökumətimizə çatdırılıb və hazırda cavab gözləyirik.
- Qlobal təcrübədə qardaş şəhər diplomatiyası mühüm rol oynayır. Efiopiya və Azərbaycan şəhərləri arasında qardaş şəhər razılaşmaları varmı?
- Hazırda Efiopiya ilə Azərbaycan arasında rəsmi qardaş şəhərlər sazişi yoxdur. Bununla belə, Əddis-Əbəbə ilə Bakı, eləcə də digər böyük şəhər mərkəzləri arasında qardaş şəhərlərin inkişaf etdirilməsi imkanı mövcuddur. Bu cür tərəfdaşlıqların qurulması planımızdadır və biz bu təşəbbüsü yaxın gələcəkdə həyata keçirəcəyik.
- Efiopiya yaxın gələcəkdə Azərbaycanda səfirlik açmağı planlaşdırırmı?
- Azərbaycan Efiopiya üçün çox vacib bir ölkədir və gələcəkdə Bakıda səfirlik açmağı düşünə bilər. Lakin yeni səfirlik açmaq üçün əhəmiyyətli maliyyə və inzibati resurslar tələb olunur. Hazırda Ankarada 6 ölkəyə - Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Gürcüstan və Bolqarıstana cavabdehəm. Azərbaycan hökuməti rəsmi olaraq Efiopiyadan Bakıda səfirlik açmağı xahiş edib. Bu xahiş hökumətimizə çatdırılıb və təsdiq verildikdən sonra bu məsələdə irəliləyiş gözləyirik.
- Digər Afrika ölkələrindən fərqli olaraq, Efiopiya heç vaxt müstəmləkəçiliyə məruz qalmayıb. Bunun səbəbi nədir?
- Efiopiyanın tarixi həqiqətən də unikaldır. Biz suverenliyimizi İtaliya işğalına qarşı uğurla müdafiə etdik, xüsusən də Adva döyüşündə. Bu qələbə Efiopiyanı dünya miqyasında qaradərililər üçün azadlıq və müqavimət simvoluna çevirdi. Bu gün Afrikanın üzləşdiyi bir çox çətinliklər, məsələn, sərhəd mübahisələri – müstəmləkə mirasından qaynaqlanır. Bu problemləri həll edərkən Efiopiya bu cür məsələlərin, xüsusən də sərhədlə bağlı mübahisələrin həllinin yeganə davamlı yolu kimi dinc dialoq və danışıqları davamlı olaraq dəstəkləyir.
- Efiopiyanın etnik, mədəni və dini müxtəlifliyi ölkəyə necə təsir göstərir?
- Efiopiya 80-dən çox fərqli etnik qrupla müxtəlif dillərin, adət-ənənələrin ahəngdar şəkildə bir arada yaşadığı və canlı, dinamik bir cəmiyyət yaratdığı diyardır. Əsrlər boyu birlik və harmoniya içində yaşamışıq.
Efiopiya, Nigeriyadan sonra Afrikada ikinci ən çox əhalisi olan ölkədir və proqnozlar göstərir ki, 2030-cu ilə qədər əhalimizin sayı təqribən 200 milyona çata bilər. Bu müxtəliflik bizim ən böyük güclü tərəflərimizdən biridir və Efiopiyanı həqiqətən çoxmədəniyyətli bir cəmiyyət kimi müəyyən edir.
- Turizm sahəsində nə kimi əməkdaşlıqlarımız mümkündür?
- Efiopiya qədim bir ölkədir və onun unikal mədəni irsi, zəngin tarixi və əlamətdar biomüxtəlifliyi Afrikadakı digər ölkələrdən fərqləndirir. Ölkəmiz UNESCO-nun Dünya İrsi Siyahısında doqquzuncu yerdə əks olunub.
Efiopiya dünya tarixində və mədəniyyətində ilk insan məskəni kimi tanındığı üçün "Mənşələr Diyarı" adlanır, elmi olaraq bəşəriyyətin beşiyi kimi tanınır.
Turizm Efiopiya hökumətinin prioritet sahələrindən biridir. Bakı Dünya İrsi Siyahısına daxil olduğundan, tarixi şəhərlərimizi və turizm məkanlarımızı beynəlxalq səviyyədə tanıtmaq və dünyanın hər yerindən turistləri cəlb etmək üçün bu fürsətdən yararlana bilərik. Həm Efiopiya kimi Azərbaycan da tarix, mədəniyyət və təbii gözəllik baxımından inanılmaz dərəcədə zəngindir və bu da turizmin inkişafı potensialını çox güclü edir. Turizm sektorunda təcrübə və investisiyaları bölüşməklə, mədəni və insanlararası mübadiləni təşviq etməklə və birgə tur paketləri yaratmaqla iki ölkə turizm əlaqələrini daha da gücləndirə bilər.





