2025-ci ilin nəticələrinə əsasən, Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin rekord səviyyədə olması gözlənilir.
"Report" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, yüksək səviyyəli siyasi münasibətlərlə yanaşı, ticari-iqtisadi sahədə də davamlı artım müşahidə olunur.
"Cari ilin yanvar-oktyabr aylarında Çin və Azərbaycan arasında ticarət dövriyyəsi 2,44 milyard ABŞ dollarına çatıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% çoxdur. İlin sonuna qədər bu göstəricinin tarixi rekord səviyyəsində olacağı gözlənilir", - deyə səfir qeyd edib.
O, həmçinin vurğulayıb ki, 2025-ci ilin nəticələrinə görə, Azərbaycan-Çin ticarət dövriyyəsi ardıcıl üçüncü il rekord göstəriciləri yeniləyir.
"Çin Azərbaycanın ən böyük idxalçısı və ölkənin dördüncü ticarət tərəfdaşı olaraq qalmağa davam edir. İki dövlət arasındakı investisiya, iqtisadi və texnoloji əməkdaşlıq dərinləşməyə davam edir. Çin şirkətləri Azərbaycanda tikinti materiallarının istehsalı, pərakəndə ticarət, avtomobil istehsalı və fotoelektrik stansiyaları da daxil olmaqla bir çox layihələri fəal şəkildə həyata keçirirlər", - Lu Mey deyib.