Birləşmiş Millətlər Təşkilatının (BMT) təsisatları ilə qaçqınların və məcburi köçkünlərlə bağlı humanitar və inkişaf yönümlü layihələrin icrası sahəsində mühüm nəticələr əldə edilib.
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşü zamanı bildirib.
Görüşdə BMT və onun ixtisaslaşmış qurumları ilə uzunmüddətli əməkdaşlığın ölkəmizin üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük probleminin yaratdığı çətinliklərin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığı qeyd edilib.
Vladanka Andreyevanın Azərbaycanda missiyasını dövlət və xalq üçün çox əlamətdar bir dövrdə uğurla yerinə yetirdiyi vurğulanıb. Belə ki, torpaqların işğaldan azad edilməsi nəticəsində məcburi köçkünlərin doğma yurd yerlərinə geri dönüşü başlayıb və Böyük Qayıdışa dair I Dövlət Proqramı icra edilir.
Azərbaycan hökumətinin qayıdış prosesinin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə aparılmasını təmin etmək üçün gördüyü tədbirlərin, Qarabağda və Şərqi Zəngəzurda gedən genişmiqyaslı bərpa-quruculuq işlərin beynəlxalq miqyasda maraqla qarşılandığı vurğulanıb. Eyni zamanda, həmin ərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükənin hələ də qaldığı, beynəlxalq təşkilatların bu təhlükənin aradan qaldırılması sahəsində ölkəmizlə davamlı əməkdaşlığının vacibliyinə toxunulub.
Vladanka Andreyevanın BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi kimi fəaliyyəti dövründə Dövlət Komitəsi ilə əməkdaşlığı yüksək qiymətləndirilib. Onun rəhbərliyi dövründə BMT təsisatları ilə tərəfdaşlığın daha da dərinləşdiyi, qaçqınların və məcburi köçkünlərlə bağlı humanitar və inkişaf yönümlü layihələrin icrası sahəsində mühüm nəticələrin əldə edildiyi bildirilib.

