Rusiyanın Smolensk vilayət məhkəməsi "Smolensk vilayəti Milli Konqresi" regional ictimai assosiasiyasının rəhbəri, yerli Azərbaycan diasporunun rəhbəri Faiq Əliyev barəsində çıxarılmış hökmü ləğv edib.
"Report" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.
Qeyd olunur ki, iş yenidən baxılmağa göndərilib.
F.Əliyevə qarşı hökm Smolensk vilayətinin Lenin rayon məhkəməsi tərəfindən 2025-ci il oktyabrın 16-da çıxarılıb, o, məhkəmə zalında həbs edilib. F.Əliyev ona məxsus restoranda elektrik enerjisinin istehlakı ilə bağlı ödənişlərdə dələduzluğa yol verməkdə və "Rosseti"nin yerli bölməsinin əməkdaşına guya rüşvət verməkdə ittiham olunur.
Məhkəmə ona 4 il həbs cəzası və 8,4 milyon rubl cərimə təyin edib.
Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verib. Xüsusilə, vəkil birinci instansiya məhkəməsinin F.Əliyevin günahını etiraf etməsi, peşman olması və hətta cinayət işi üzrə 840 min rubl məbləğində ziyanı ödəməsi kimi hallara lazımi qiymət vermədiyini qeyd edib.
Prosesdə F.Əliyevin bir müddət əvvələ qədər üzvü olduğu Smolensk İctimai Palatasının nümayəndəsi Yelena Ulyanenkova da iştirak edib. O, şahid qismində çıxış etmək istəyib, lakin hakim buna icazə verməyib və izah edib ki, müdafiə tərəfi artıq F.Əliyevin müsbət xarakterizə olunduğu kifayət qədər fakt təqdim edib.
Nəticədə vilayət məhkəməsi müdafiə tərəfi ilə razılaşıb və işi yenidən baxılmağa göndərib. Bununla belə, təqsirləndirilən şəxs 2026-cı il fevralın 24-dək həbsdə qalacaq.
"Bu, kiçik qələbədir, növbəti iclasa hazırlaşırıq, ədalətli qərar veriləcəyini gözləyirik", - "Kommersant" vəkil Olesya Kuzniçenkodan sitat gətirir.