BMT-nin insan hüquqları üzrə ekspertlər qrupu və dünyanın müxtəlif yerlərindən olan 400-ə yaxın qadın ictimai fəal İran İslam Respublikasını Zəhra Şahbaz Təbəriyə verilmiş ölüm hökmünü icra etməməyə çağırıblar.
"Report" xəbər verir ki, məlumatı "İran İnternational" yayıb.
Bildirilib ki, 67 yaşlı Zəhra Təbəri bu ilin oktyabrında "silahlı qiyamda" təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. O, "Qadın, Müqavimət, Azadlıq!" şüarı yazılmış parçanı üzərində tutduğu, 2022-ci ildə İranda keçirilən etiraz aksiyalarında hakimiyyətə qarşı şüarlar söylədiyi üçün həbs edilmişdi.
Məlumata görə, hüquq müdafiəçiləri qeyd ediblər ki, Təbərinin işi ilə bağlı məhkəmə prosesinin obyektivliyinin təmin edilməsində beynəlxalq humanitar hüquq pozulub: "Biz dövlət təhlükəsizliyi ilə bağlı həddindən artıq geniş və kifayət qədər dəqiq müəyyən edilməmiş pozuntular üçün ölüm cəzasının tətbiqinə qarşıyıq".