Mersinin Anamur rayonunda məktəb direktorunu güllələyərək yaralayan 12 yaşlı şagird və atası jandarma tərəfindən araşdırıldıqdan sonra həbs edilib. Məlum olub ki, şagird hadisədən bir gün əvvəl sosial mediada "Atam qarşımda və arxamda olduğu müddətcə ağa da mənəm, paşa da mənəm" yazıb.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, iddialara görə, 39 yaşlı məktəb direktoru Ender Kara ötən həftə məktəbə elektrikli velosipedlə gələn şagirdə xəbərdarlıq edib. Xəbərdarlıqdan sonra 12 yaşlı M.K. bu səhər məktəbə tüfənglə gəlib və Karanı məktəbin həyətində güllələyib.
Ətrafdakıların xəbərlərindən sonra hadisə yerinə tibb və jandarma qrupları göndərilib. Ağır yaralanan Ender Kara Mersin Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Karanın həyatının təhlükədə olduğu öyrənilib.
Hadisədən sonra jandarma qrupları şagird M.K. və atası Y.K.nı saxlayıblar. Jandarma bölməsindəki prosedurlardan sonra ata və oğul həbs ediliblər.
Digər tərəfdən, M.K.nın hadisədən bir gün əvvəl sosial mediada paylaşdığı bir hekayə ortaya çıxıb. M.K.nın "Atam qarşımda və arxamda olduğu müddətcə ağa da mənəm, paşa da mənəm" qeydi ilə paylaşdığı hekayə diqqəti cəlb edib.
Hadisələr