Türkiyədə İnterpol tərəfindən axtarışda olanlara qarşı irimiqyaslı əməliyyatlar keçirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat yerləşdirib. Məlumata əsasən, “Qəfəs-28” adlanan əməliyyatlar İstanbul, Antalya, Sakarya, Bolu, Çanakkale, Eskişehir, İzmir, Manisa, Muğla, Şanlıurfa ve Yalova da daxil 11 şəhərdə baş tutub. Nəticədə ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Fas, Fələstin, Hindistan, İsrail, İran, Qatar, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən beynəlxalq axtarışa verilən 56 nəfərin hamısı ələ keçirilib.
Əməliyyatda tutulan şəxslərin kriminal qruplaşmalara üzv olmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, quldurluq, saxtakarlıq, soyğunçuluq, dələduzluq, qanunsuz miqrasiya, qətl, fahişəlik, oğurluq, qaçaqmalçılıq, rüşvətxorluq, korrupsiya və saxtakarlıq kimi cinayətlərdə ittiham olunduqları müəyyənləşib.