BMT Cənubi Sudan hökumətini ölkədəki BMT Missiyası (UNMISS) əməkdaşının öldürülməsini araşdırmağa çağırıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə bildirib.
Sözçü qeyd edib ki, əməkdaş 15 dekabrda Cənubi Sudanda BMT Missiyası Qərbi Bahr əl-Qazal əyalətinin Vau şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O vaxtdan bəri yerli hakimiyyət orqanları ilə sıx əlaqədə qurulub və UNMISS əməkdaşı olan Bull Rock Mayalın təhlükəsiz şəkildə azad edilməsini təmin etməyə çalışıb. Missiya bu həftənin əvvəlində onun ölümünü təsdiqləyib: "BMT əməkdaşlarının öldürülməsi qəbuledilməzdir və biz Cənubi Sudan hakimiyyətlərini dərhal, hərtərəfli və şəffaf araşdırma aparmağa, məsul şəxslərin cavabdehliyini təmin etməyə çağırırıq".
Düjarrik əlavə edib ki, Bull Rock Mayal Sudanda BMT Missiyası (UNMISS) üçün tərcüməçi kimi fəaliyyət göstərib.