Hazırda Azərbaycanda Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismar İdarəsinin ərazisində təmir-bərpa işləri aparılır.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qarabağ Regional Qaz İstismar İdarəsinin ümumilikdə 11 xidmət sahəsi mövcuddur və bu sahələr üzrə işğaldan azad edilmiş rayonlarda hazırda 6 800 abonent qeydiyyatdadır.
Q. Abdullayev qeyd edib ki, bunlardan 1 800 abonent Xankəndi xidmət sahəsinin payına düşür:
"2024-2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərdə qaz təsərrüfatı üzrə 30 məntəqədə qazlaşdırma işləri aparılıb və köç prosesi həyata keçirilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir".
O bildirib ki, cari ilin planına əsasən region üzrə ümumilikdə 88 məntəqənin qazlaşdırılması nəzərdə tutulub: "Bunlardan 30-u mövcud kəndlərdir və yeni köçlər nəzərə alınmaqla abonentlərin qaz təminatı üçün planlaşdırılıb. Qalan 58 məntəqə isə yeni salınacaq kəndlərdə qazlaşdırma işlərini əhatə edəcək".
Baş mühəndis yığım səviyyəsinə də toxunaraq bildirib ki, Qarabağ regionunda smart-kart sistemindən istifadə olunduğuna görə bu sahədə heç bir problem yaşanmır:
"Sayğaclaşma işləri əvvəlcədən köç qrafikinə uyğun şəkildə aparılır. Bu səbəbdən sayğaclaşma köç prosesinə uyğun olaraq 100 % təmin olunur. Köç baş verdikcə sayğaclar quraşdırılır və həmin mənzillər qazla təmin edilir".