"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Qarabağ"la oyundan sonra bildirib ki, futbolçuları turnir cədvəlindəki mövqeyə baxmasınlar.
"Report"un məlumatına görə, bunu Bakı təmsilçisinin çalışdırıcısı Misli Premyer Liqasının I turundan təxirə salınmış "Qarabağ"la oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Əvvəlcə istərdim ki, öz futbolçularımı təbrik edirəm. Onlar bu gün inanılmaz performans sərgilədilər. Üstəlik bu oyunu Avropada səs salan komandaya qarşı həyata keçirdilər. İnanıram ki, stadiona gələn azarkeşlər bu matçdan həzz aldılar".
O, turnir cədvəlində birinci pilləyə yüksəlməkləri ilə bağlı danışıb:
"İnanın, mən turnir cədvəlinə çox nador hallarda baxıram. Paltardəyişmə otağında da futbolçularıma bildirdim ki, turnir cədvəlinə baxmasınlar. Qış fasiləsinə qədər hələ 1 oyun da var. Qarşılaşmalara ciddi hazırlaşırıq".
Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.