Avropa Mərkəzi Bankı (AMB) üç əsas faiz dərəcəsini dəyişməz saxlayıb.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu AMB rəhbəri Kristin Laqard Frankfurtda İdarə Heyətinin iclasının yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırkı qiymətləndirmə göstərir ki, Avrozonada inflyasiya orta müddətli perspektivdə hədəf səviyyə olan 2 %-ə yaxın sabitləşəcək. AMB-nin yenilənmiş proqnozlarına əsasən, inflyasiya 2025-ci ildə orta hesabla 2,1 %, 2026-cı ildə 1,9 %, 2027-ci ildə 1,8 % olacaq və 2028-ci ildə yenidən 2 %-ə qayıdacaq.
İqtisadi artım gözləniləndən yüksək olub və daxili tələbat, investisiyalar və sabit əmək bazarı ilə dəstəklənəcək. Laqardın sözlərinə görə, artım 2025-ci ildə 1,4 %, 2026-cı ildə 1,2 %, 2027 və 2028-ci illərdə isə 1,4 % təşkil edəcək.
Laqard vurğulayıb ki, bank məlumatlara əsaslanan yanaşmanı davam etdirəcək və faiz dərəcələrinin trayektoriyasını əvvəlcədən müəyyən etməyəcək. O, geosiyasi risklər, ticarət və əməkhaqqı dinamikası ilə bağlı qeyri-müəyyənliklər səbəbindən müxtəlif addımların mümkün olduğunu qeyd edib.
AMB rəhbəri, xüsusən süni intellektin tətbiqi ilə bağlı investisiyaların artdığını qeyd edib və bankın qiymət sabitliyini təmin etmək üçün lazım gəldikdə bütün alətləri tənzimləməyə hazır olduğunu təsdiqləyib.