Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildəki son iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda Şuranın Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsi məsələsi müzakirə olunub.
Sədr Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizlə bağlı həssas məqamlara toxunub:
"Dilimizə yad təsirlərin artmasından narahatlığını ifadə edən dövlət başçısı onun saflığını qorumağın hər bir vətəndaşın işi olduğunu vurğuladı. Prezident eyni zamanda həm televiziya, həm də yazılı media məkanındakı mənfi tendensiyalara diqqət çəkərək, dilimizin lazımınca qorunmamasının milli kimliyimizə təhlükə yaratmasından da söz açdı, bu istiqamətdəki durumu izləyəcəyini, lazımi tədbirlər görəcəyini bildirdi".
R.Məcid qeyd edib ki, Prezident İlham Əliyevin fikirləri Mətbuat Şurası qarşısında da məsuliyyət müəyyənləşdirir və Şuranın İdarə Heyəti üzvlərinin təklifləri qurumun bununla bağlı fəaliyyətinin konkret konturlarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq.
Müzakirələrdən sonra sədr Vüsalə Mahirqızı olmaqla, MŞ-nin Dil Komissiyasının yeni tərkibi müəyyənləşib. Qərara alınıb ki, tərkibdə İH üzvlərindən "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ilə yanaşı, Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, "Vətən səsi" qəzetinin baş redaktoru Elşən Əliyev və "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli təmsil olunsunlar, həmçinin dilçi alimlərin də komissiyanın işinə cəlb edilmələri istiqamətində tədbirlər görülsün. Qurumun fəaliyyətinə gəlincə, mövcud istiqamətdə konkret iş planı hazırlanacaq və görüləcək işlər dəqiqləşdiriləcək.
İclasda həmçinin diqqətə çatdırılıb ki, Mətbuat Şurasının nəznində Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi yaradılmasına ehtiyac var.
İclasda məsələ ilə bağlı "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB-nin sədri Ayaz Mirzəyevin təqdimatı dinlənilib və təkliflər irəli sürülüb. Qərara alınıb ki, A.Mirzəyevin rəhbərliyi ilə fəaliyyət göstərəcək koordinasiya mərkəzi gələn il konkret iş strategiyasını və mərkəzdə təmsil olunacaq jurnalist birliklərini müəyyənləşdirsin.
İdarə Heyətinin son iclasında Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilmiş "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı Şuranın təmsilçilərinə təqdim olunub.


