Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa Liqasına (CEV Volleyball European League 2026) çox ciddi hazırlaşacaq.
Bunu "Report"a açıqlamasında milli komandanın liberosu Bəyaz Quluyeva deyib.
Voleybolçu bəzi rəqiblərlə bağlı məlumatlı olduqlarını bildirib:
"Qrupumuzda yer alan rəqiblərdən bəziləri ilə daha öncə müxtəlif turnirlərdə qarşılaşmışıq. Əlbəttə, asan rəqib yoxdur. Biz də öz növbəmizdə Avropa Liqasına çox ciddi hazırlaşacağıq. İlk dövrədəki oyunları evdə, doğma azarkeşlər önündə keçirəcəyik. Bu bizi daha da ruhlandıracaq. Növbəti oyunlar səfərdə olacaq. Ümidvaram ki, turnirdə uğurlu və inamlı çıxış edərək qələbələr qazanacağıq. Hədəfimiz qrupdan çıxmaq, növbəti mərhələyə adlamaqdır. Komandamız bu potensiala malikdir".
Qeyd edək ki, hazırda reytinqdə 27-ci pillədə qərarlaşan qadınlardan ibarət Azərbaycan millisi qrupda İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya, İsrail və İsveçrə ilə mübarizə aparacaq.
2018-ci ildən "Qızıl Avropa Liqası" və "Gümüş Avropa Liqası" formatında təşkil olunan yarış növbəti ildən "Avropa Liqası" adı ilə keçiriləcək. Turnir Avropa çempionatına təsnifat xarakteri daşıyır və iştirakçılara reytinq xalları gətirir.