IMG-LOGO

Ordubadda açıq hava idman qurğuları istifadəyə verilib

18 Dec 2025 16:34 5 baxış
IMG

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Ordubad şəhərində sadə tipli açıq hava idman qurğuları istifadəyə verilib.

"Report" xəbər verir ki, qurğular şəhərin iki ərazisində - Heydər Əliyev Parkında və akademik Rəhim Rəhimov küçəsində fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli yeni istifadəyə verilən idman qurğularına yerində baxış keçiriblər.

Quraşdırma aparılan hər bir ərazidə 12 dəst müxtəlif funksiyalı trenajor aləti, ətrafında skamyalar və tullantı qabları mövcuddur. Müxtəlif yaş qrupları üçün nəzərdə tutulan bu alətlər fiziki hazırlığın artırılması, əzələlərin möhkəmləndirilməsi və müxtəlif məşq proqramlarının icrası üçün əlverişli imkanlar yaradır.

Dövlət Proqramına uyğun olaraq sadə tipli açıq hava idman qurğularının istifadəyə verilməsi prosesi muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.

Qeyd edək ki, əvvəlki günlərdə Babək və Şahbuz şəhərlərində, eləcə də Babək rayonunun Nehrəm və Cəhri qəsəbələrində açıq hava idman qurğuları istifadəyə verilmişdi. Prosesin yaxın vaxtlarda Şərur və Culfa şəhərlərini, Sədərək rayonunun Sədərək kəndini, həmçinin Kəngərli rayonunun Qıvraq qəsəbəsini də əhatə etməsi nəzərdə tutulur.

Xəbər lenti