IMG-LOGO

Məni sevirlərsə, Nərimanı təhqir etməsinlər - Sığınacaqdakı Əkbərlə MÜSAHİBƏ

18 Dec 2025 15:02 5 baxış
IMG
4 0

Əkbəri (Əkbər Zülfüqarov) sığınacaqda təkbaşına oturub “Qarabağ - Ajax” oyununa baxdığı videodan tanıyırıq.

Lent.az-ın əməkdaşı sığınacağa yollanıb, balaca azarkeşlə həmsöhbət oldu.

Əvvəlcə onu deyim ki, o, şəkillərdə göründüyü qədər böyük deyil. Əkbərin bapbalaca yumşaq, toppuş əlləri, uzun kirpikləri, qara qaşı-gözü var. Özü də lap xırdaca oğlandır. O qədər sakit, asta-asta danışır ki, heç deməzsən ki, 11 yaşı var.

­- Əkbər, neçə ildir “Qarabağ” azarkeşisən?

- 6 yaşımdan bəri.

- İndi neçə yaşın var?

- 11.

- Neçənci sinfə gedirsən?

- 6-cı sinif olmalıyam, amma 1-ci sinfə fərdi təhsilə gedirəm.

- Sinif yoldaşın var?

- Var, 1 qız. Amma dərslərimə fikir verirəm deyə, ona baxmıram.

- Klubun oyunçuları ilə görüşəcəyini deyəndə necə hiss elədin özünü?

- Çox sevincliydim.

- Sənə niyə Nərimanın formasını verdilər?

- Mən Nərimanı çox istəyirəm. 3 formam var, biri Nərimanındı, birinin üstündə mənim adım var, birini də Elvin Cəfərquliyev alıb.

- Özün istədin Nərimanın formasını yoxsa özləri verdilər?

- Eşidiblərmiş Nərimanı bəyəndiyimi (gülümsəyir).

- “Qarabağ”da başqa hansı futbolçulardan xoşun gəlir bəs?

- Birinci Nərimandır, ikinci Elvin, üçüncü də Kevin Medina.

- Ən çox hansı futbolçuyla görüşəndə sevindin?

- Nərimanla.

-  Deyirlər ki, Nəriman yaxşı oyunçu deyil.

- Yaxşı oyunçudur. “Qarabağ – Ajax” oyununda qapımıza 3 qolun gəlməsi müdafiəyə görə oldu. Onda Nəriman oyunda deyildi heç.

- Yaxşı, bəs səncə, niyə pisləyirlər Nərimanı?

- Bir dənə “pas”ı tuta bilmədi, qapımıza bir qol da atıldı deyə, hamı Nərimanı pisləyir. Nərimanın günahı yox idi. Onu təhqir eləmək olmaz. Həmişə Nərimanın tərəfini tutacam.

- Birdən Nəriman haqqında deyilənlərə dözməyib, xarici komandalardan birinə keçsə, yenə də “Qarabağ”a azarkeşlik edərsən?

- Edərəm, “Qarabağ”ın özünü sevirəm.

- Əkbər, neçə müddətdir sığınacaqda qalırsan?

- 1-2 aydır buradayam.

- Dostların var burada?

- Var.

- Dərsdən gələndən sonra nə işlə məşğul olursan?

- Birinci tapşırıqları yazıram, sonra oynayırıq, ondan sonra da axşam yeməyimi yeyib yatıram.

- Hansı yeməyi xoşlayırsan?

- Ən çox xaşı xoşlayıram. Sirkəylə çox dadlı olur.

- Burada sənə xaş bişiriblər?

- (Başın yelləyir), yox.

- Dedin dərsdən sonra oyun oynayırıq. Hansı oyunları oynayırsan dostlarınla?

- Hava isti olanda icazə alıb futbol oynayırıq.

- Bəs futbol olan günlər hər dəfə icazə alıb, oturub baxırsan?

- “Qarabağ”ın oyunları olanda hər dəfə icazə alıb baxıram. Amma olmayanda baxmıram televizora.

- Tək baxırsan yoxsa dostlarınla?

- Tək.

- Niyə, o biri uşaqlar xoşlamır?

- Mən oyuna baxanda onlar yatırlar (gülür).

- Bəs səhər necə oyanıb dərsə gedirsən?

- Səhər güc-bəlayla (gülür). Amma “Ajax”la oyunda səhər özüm oyandım.

- Həmin oyuna baxanda əsəbiləşdin?

- Çox əsəbiləşdim. Müdafiədə boşluq buraxdılar.

- Başqa hansı xarici komandalardan xoşun gəlir?

- “Real Madrid”.

- Bəs “Realla” “Qarabağ”ın arasında qalsın hansını seçərdin?

“Başını yuxarı qaldırıb, gözlərini sağa-sola çevirib, 20-30 saniyədən sonra deyir, “Qarabağ”.

- Niyə?

- Özümüzünküdür (gülümsəyir).

- Nə yaxşı formanı geyinməmisən?

- Formanı saxlamışam oyunlara. Həmin günlər geyinirəm. İndidən köhnəltmək istəmirəm.

- Futbolçularla görüşündən danışdın dostlarına?

- Yox, çünki acıq vermək pis şeydir.

- Tanınmış adamlardan başqa kimlərlə görüşmək istəyərsən?

- Futbolçulardan Neymar, aktyorlardan da “Bozbash Pictures”dəki Şəmini (İlkin Həsəni) görmək istəyirəm. O adamı çox güldürür.

- Əkbər, böyüyəndə hansı peşəyə sahib olmaq istəyirsən?

- Futbolçu. “Qarabağ”da ya da “Qalatasaray”da oynamaq istəyərəm. Ən zəhləm gedən iş də həkimliklə, vəkillikdir.

- “Qalatasaray”ın, “Real”ın oyunlarına da baxırsan hər dəfə, yoxsa ancaq “Qarabağ”?

- Üçünün də oyununa baxıram, amma eyni vaxta düşsələr, “Qarabağ”ı seçərəm.

- Sənə “VİP” zonadan bilet veriblər, amma digər azarkeşlərlə birgə baxmışdın oyuna. Niyə?

- Ora çox sıxıcı idi. Qapalı yerdən baxırsan oyuna. Amma mən istəmədim, getdim azarkeşlərin arasında baxdım.

- Bilirsən də, “VİP” zona daha bahalı idi, hamı orada baxa bilmir.

- İstəmirdim, orada həyəcan yox idi. İndiyə qədər heç vaxt stadiona getməmişdim.

- Əkbər, bacın, qardaşın var?

- İki bacım var. Birinin 4, birinin 6 yaşı var.

- Saat neçədə yatıb, durursan?

- Gecə 12-də yatıb, səhər 4-də oyanıram.

- Niyə o qədər az yatırsan?

- Mən gec yatsam tez dururam, tez yatsam gec.

- Bəs gecənin yarısı oyanıb neyləyirsən?

- Çantamı hazırlayıram, dərslərimi oxuyuram. Sonra aşağı düşüb yeməyimi yeyirəm. Avtobus gəlib bizi dərsə aparır. 8-də dərsə çatıram.

- Bəs az yatmaq səni narahat eləmir?

- Xeyr, dərsdən gələndən sonra axşam yeməyinə qədər (saat 9) yatıram. Dərslərdə də yatıram (gülür).

- Dərsdə niyə?

- Ən çox informatikada yatıram. Çox maraqsızdır, sıxılıram.

- Müəllimin bilir bunu?

- Xeyr (gülür). İnformatikanı sevməsəm də, oxuyuram, ingilis dilini çox xoşlayıram, sonra da riyaziyyatı.

- İngilis dili müəllimin səninlə fəxr edər.

- Edir.

- Bəs informatikanı niyə xoşlamırsan, kompüterlə aran yoxdur?

- Yox e, əksinə, istəyirəm kompüterlə keçilsin, belə sıxıcıdır. 2-ci ya 3-cü sinifdə hələ kompüterlə öyrədəcəklər dərsi, ona da çox var.

- Necə olur ki, riyaziyyatı sevirsən, informatikanı yox.

- Riyaziyyat həm futbola aiddir, həm də dərziliyə.

- O necə olur? Öyrət görüm mənə. Bəlkə mənim də xoşum gəldi riyaziyyatdan.

“Balaca barmaqlarını masanın üstünə qoyub izah edir: Baxın, bu penaltı nöqtəsidir, oradan qapıya 11 metrdir. Bu məsafəni ölçmək də riyaziyyatla mümkündür. Gərək metri biləsən ki, meydançanın da uzunluğunu biləsən”.

Birdən dayanıb deyir: Aaa, indi yadıma düşdü, gələn il rus dili keçəcəyik. Ən zəhləm gedən fənn o olacaq. Rus dilində sözlər çox çətindir, dilim dönmür.

­- Necə dilin dönmür, ay Əkbər. İngilis dilində rusdan daha çətin sözlər var axı.

- Yox, ingilis dili asandır, sevirəm onu.

- Oxusan o da asan olacaq.

- Xeyr olmayacaq (gülür).

- Yaxşı, bezdiyin fənlərdən danışıb, səni əsəbiləşdirməyim. De görüm, mahnıya qulaq asırsan?

- Bəli, Mustafa Cecelinin mahnılarının hamısına qulaq asıram, xoşum gəlir.

- Azərbaycanlı müğənnilərə bəs qulaq asırsan?

- Mən azərbaycanlı müğənnilərin mahnılarına qulaq asmıram (gülümsəyir).

- Bəs Azərbaycan kinoları, serialları, komediayaları necə?

- Şəminin (İlkin Həsəni) çəkildiyi komediyalara baxmışam.

- Burada icazə var?

- Uşaqlar olanda xeyr.

- Kimlə baxırsan bəs?

- Axşam təklikdə.

- Burada ən çox istədiyin kimdir?

- Elnurə xanımı çox istəyirəm.

- Eşitmişəm rəsm çəkməyi xoşlayırsan.

- Arada sıxılanda rəsm çəkirəm. Ən çox meşə çəkməyi xoşlayıram.

- Gəzməyi sevirsən bəs?

- Çox sevirəm. Məni onsuz da yenə aparacaqlar yenə.

- Hara?

- “Qarabağ” dəvət eləsə “SABAH”la oyununa gedəcəm.

- “Qarabağ”ın gələcəyini necə görürsən?

- Bir az dəyişikliklər olsa, əla.

- Necə dəyişiklik?

- Müdafiəni gücləndirib, oyunçu satın almalıyıq. Juninho qayıtsa yaxşı olardı. “Qarabağ”da indiyə qədər ən böyük səhvi Şahruddin edib. Mənim 6 yaşım olanda hansısa xarici komandayla oynayırdılar. Rəqib komandanın oyunçusu Şahruddinin üstünə gələndə, o topu “ələ almaq” yerinə, bizi çətin vəziyyətə saldı. Elə o vaxtdan yadımda qalıb “Neyləyirsən sən, Şahruddin” sözü (gülür).

- Ondan sonra səhv olmayıb, bəs əminsən?

- Nəriman səhv eləyib, amma ona görə onu təhqir eləmək olmaz axı.

- Ümumiyyətlə, adamı təhqir eləmək olmaz.

- Bəli. Nəriman həyatda da mehriban, səmimi uşaqdır.

- Bəhlul necədir bəs?

- Bəhlulu oyunda görməmişəm. Birinci yarıda ancaq qışqırırdım, amma ikinci hissədə gedib “VİP” zonadan baxdım. Futbol bitəndə çıxdım çölə qışqırdım.

- Bəs burada baxanda da qışqırırsan?

- Yox, uşaqlar yatır. Səhər oyananda dostum Elcanla Hüseyn soruşur ki, neçə-neçəyə bitdi oyun. 

- İçəri girəndə balaca itlər gördüm. Oynayırsan onlarla?

- Mənim çoban itim var. İndi başqa yerdədir o, görmürəm.

Bir şey deyim, mən necə baxacam şəkillərimə.

- Göndərəcəm baxarsan.

- Əla. Olar bir şey də deyim?

- Əlbəttə, de.

- Demək istəyirəm ki, əgər məni çox istəyirlərsə, Nərimanı təhqir eləməsinlər (gülümsəyir). 

Çempionlar Liqası Əkbər Zülfüqarov Qurban Qurbanov Nəriman Axundzadə müsahibə Qarabağ Qarabağ futbol klubu

Xəbər lenti