IMG-LOGO

İnsult riskini artıran qan qrupu

18 Dec 2025 12:46 2 baxış
IMG
0 0

Müxtəlif ölkələrdən olan genetiklər ortaq nəticəyə gəliblər: müəyyən qan qrupu 60 yaşdan əvvəl insult keçirmə riskinin artması ilə əlaqəlidir. Aşkarlanan bu əlaqə hətta araşdırmaçıların özlərini də təəccübləndirib.

Lent.az bu qan qrupların təqdim edir:

Qan

Genetik məlumatların yeni təhlili göstərib ki, A qan qrupu variasiyasına malik olan şəxslərin 60 yaşdan əvvəl insult keçirmə ehtimalı bir qədər yüksəkdir. 2022-ci ildə dərc olunmuş bu araşdırma sahə üzrə ən genişmiqyaslı tədqiqatlardan biri hesab olunur və bioloji xüsusiyyətlərin damar sağlamlığına necə təsir göstərə biləcəyini daha dərindən anlamağa imkan verib.

Araşdırmanın müəllifləri 48 genetik araşdırmanın nəticələrini təhlil ediblər. Araşdırmaya 18–59 yaş aralığında insult keçirmiş təxminən 17 min pasiyent və nəzarət qrupu kimi 600 minə yaxın insan daxil edilib. Alimlər müəyyən ediblər ki, məhz A1 qan yarımqrupu erkən insultla statistik baxımdan əhəmiyyətli əlaqə göstərir.

Merilend Universitetinin professoru Stiven Kittnerin sözlərinə görə, gənc yaşlarda insult halları artmaqdadır, lakin bu fenomenin səbəbləri hələ kifayət qədər araşdırılmayıb. Yeni məlumatlar göstərir ki, A qan qrupu variasiyasını (2-ci qan qrupu) daşıyan şəxslərdə 60 yaşdan əvvəl insult riski təxminən 16 faiz daha yüksəkdir. O1 genotipinə (1-ci qan qrupu) malik insanlarda isə bu risk təxminən 12 faiz daha aşağıdır. Buna baxmayaraq, alimlər vurğulayırlar ki, əlavə risk böyük deyil və xüsusi skrininq tədbirləri tələb etmir.

Təsir mexanizmi də hələ tam aydınlaşdırılmayıb, lakin ehtimal olunur ki, bu, qanın laxtalanma faktorları və trombların yaranması ilə əlaqədardır. Araşdırma həmçinin təsdiqləyib ki, B qan qrupu (3-cü qan qrupu) yaşdan asılı olmayaraq insult riskinin təxminən 11 faiz artması ilə əlaqəlidir.

Maraqlıdır ki, 60 yaşdan yuxarı şəxslər arasında A qan qrupu ilə insult arasındakı əlaqə demək olar ki, itib. Bu isə xəstəliyin müxtəlif yaş dövrlərində fərqli mexanizmlərlə inkişaf etdiyini göstərə bilər. Gənc pasiyentlərdə insultlar daha az hallarda aterosklerozla, daha çox isə tromb yaranması ilə bağlı olur.

Alimlər qeyd edirlər ki, gələcəkdə daha geniş və müxtəlif iştirakçı qrupları ilə əlavə tədqiqatlara ehtiyac var. Çünki ilkin nəticələr əsasən Şimali Amerika, Avropa və Asiyanın bir neçə ölkəsində aparılmış araşdırmalara əsaslanır və iştirakçıların yalnız təxminən üçdə biri qeyri-Avropa mənşəlidir.

Potensial risklərə baxmayaraq, ümumi mənzərə dəyişməz qalır: insultlar daha çox yaşlı insanlarda müşahidə olunur və riskə həyat tərzi, xroniki xəstəliklər və nəzarət edilə bilən digər amillər ciddi təsir göstərir.  

Sağlıq Qan qrupları

Xəbər lenti