IMG-LOGO

İş adamı: "KOB-ların inkişafına əsas maneələr lazımi kadrlara və maliyyəyə əlçatanlıqla bağlıdır"

18 Dec 2025 12:37 2 baxış
IMG

Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafına əsas maneələr lazımi kadrlara və maliyyəyə əlçatanlıqla bağlıdır.

"Report" xəbər verir ki, bunu "Times Consulting" şirkətinin təsisçisi və direktoru Elqar Bağırov "Dayaq" mükafatının təqdim olunması mərasimində bildirib.

"Kifayət qədər çox məzunlarımız olsa belə, onların bacarıqları ilə biznesin real ehtiyacları arasında uyğunsuzluqlar var. Bu sahədə vəziyyətin düzəlməsi KOB subyektlərinin inkişafı ilə nəticələnəcək. Çünki hazırda az sayda peşəkar, istənilən tələblərə cavab verəcək mütəxəssis var. Onların isə məvacib tələbləri yüksəkdir. Belə olduğu halda KOB subyektləri iri şirkətlərlə həmin kadrlar üçün rəqabət aparmaq məcburiyyətində qalır, təbii olaraq əlavə xərclərlə üzləşir. Keyfiyyətli kadrların olması biznesin kapitalını daha səmərəli və effektiv xərclənməsi ilə nəticələnəcək", - deyə o qeyd edib.

Bundan başqa, iş adamı deyib ki, maliyyə əlçatanlığı KOB-lar üçün çox həssas mövzudur: "Bankların maliyyə ilə bağlı tələbi daha çox riskin azaldılmasına yönəlib və daşınmaz əmlak girovu bu məsələdə çox böyük rol oynayır. Amma bir biznes və iş adamı pulu qazanıb birinci növbədə işinə yatırmalıdır. Qazandığı pula gedib ev alıb, sonra evin dəyərinin yarısı qədər kredit cəlb eləyib, o kreditə görə faiz ödəmək doğru biznes qərarı deyil. Ona görə də sahibkar yatırımı öz şirkətinə etməlidir. Odur ki, maliyyə qurumlarının daşınar əmlakın yüklülüyünü daha geniş qəbul etməsi önəmlidir".

"Beynəlxalq təcrübədə "revenue-based financing" deyilən termin var: dövriyyə əsaslı maliyyələşdirmə deməkdir. Bu, şirkətlərin maliyyələşdirilməsini kreditlər üzərində həyata keçirir, lakin normal kreditdən fərqi ondadır ki, şirkət öz dövriyyəsinin faizi qədər ödəniş edir. Bu mövsüm daxilində fəaliyyət göstərən şirkətlərin işini daha asan edəcək. Şirkət böyüdüyü halda daha sürətli və daha rahat maliyyə cəlb edəcək. Misal üçün, şirkət cəlb etdiyi kreditin məbləğindən asılı olmayaraq öz dövriyyəsinin 5 %-ni hər ay həmin kreditin xidmət haqqı kimi və ödənişi kimi həyata keçirir. Bu, risklərin paylaşılmasına gətirir və şirkətin böyüməsi istiqamətində bir məhsuldur. Hazırda bazarda investor institutu istədiyimiz qədər hələ inkişaf etməyib. Reallıq budur. Bu məhsul da o kreditlə investor institutu arasında ola biləcək keçid dövrü məhsuludur".

Xəbər lenti