Azərbaycanda qarşıdakı dövr üçün milli iqtisadiyyatın dayanıqlığının artırılması mühüm hədəflərdən biridir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev "Dayaq" mükafatının təqdim olunması mərasimində bildirib.
Onun sözlərinə görə, bu sahədə özəl sektorun təşəbbüskarlığı və yeni biznes ideyalarının həyata keçirilməsi önəmlidir: "Mütərəqqi texnologiyaların transferi ilə ixrac yönümlü istehsal proseslərinin ölkəmizdə təşkil edilməsində özəl sektorun rolu böyükdür. Son illər "yaşıl enerji" istehsalının və logistik imkanların genişləndirilməsi istiqamətində dövlət xarici investorlarla birgə irimiqyaslı layihələr həyata keçirir. Paralel olaraq "yaşıl dəyər" zəncirinin müxtəlif həlqələri üzrə komponentlərin istehsalının yaradılması, innovativ rəqəmsal layihələrin inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradılır".
Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-29-cu illər üçün strategiyanın təsdiq olunduğunu xatırladan nazir müavini strategiyanın icrası ilə iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması, iqtisadi sferalarda, bütün sferalarda rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişlənməsinin hədəfləndiyini diqqətə çatdırıb: "İxrac potensialımızın artırılması və coğrafiyanın genişləndirilməsi eyni zamanda qarşıdakı dövr üçün hədəflərimizdən biridir".