Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyəyə 9 milyard 798,4 milyon kubmetr təbii qaz ixrac edib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 3,5 % çoxdur.
Qeyd olunan həcmin 9 milyard 410,9 milyon kubmetri uzunmüddətli, 387,5 milyon kubmetri isə spot müqavilələri əsasında tədarük edilib.
Oktyabrda Azərbaycandan Türkiyəyə 996,8 milyon kubmetr təbii qaz (- 1,17 %) ixrac edilib.
Bu həcmin 977,6 milyon kubmetri uzunmüddətli müqavilələr, 19,2 milyon kubmetri isə spot mexanizmi əsasında tədarük edilib.
Oktyabrda Türkiyə 4 milyard 104,8 milyon kubmetr qaz (+3,86 %) idxal edib. Bunun 3 milyard 445,4 milyon kubmetri (83,94 %) boru kəməri qazının, 659,4 milyon kubmetri (16,06 %, +1,8 dəfə) mayeləşdirilimiş təbii qazın payına düşüb.
Oktyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Həmin ay Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 24,3 %-i Azərbaycanın payına düşüb. Türkiyəyə qaz ixracına görə birinci yeri Rusiya (39,7 %), üçüncü yeri İran (20 %), dördüncü yeri Əlcəzair (8,9 %), beşinci yeri isə Seneqal (2,4 %) tutub.
Oktyabrda Türkiyəyə 7 ölkə – Azərbaycan, Rusiya, İran (boru kəməri qazı), Əlcəzair, ABŞ, Misir və Seneqal (mayeləşdirilmiş qaz) təbii qaz ixrac edib.
EPDK-nın məlumatına görə, Azərbaycan 2024-cü ildə Türkiyəyə 11 milyard 478,4 milyon kubmetr qaz (2023-cü ilin göstəricisi ilə müqayisədə +11,9 %) ixrac edib.