Azərbaycan boksçuları Almaniyanın Keinbaum şəhərində keçirilən U-17 Avropa çempionatını 4 medalla başa vurublar.
"Report" xəbər verir ki, finalda Gülər Hüseynova (48 kq) Asmin Cabasla (Türkiyə) qarşılaşıb.
MDB Oyunlarının qalibi Avropa çempionatını da titulla yekunlaşdırıb. O, rəqibini 5:0 (29:26, 29:26, 30:25, 30:25, 28:27) hesabı ilə məğlub edərək çempion adına yiyələnib və Almaniyada Azərbaycan himnini səsləndirib.
Qardaş Rəhimov (46 kq) da komanda yoldaşının uğurunu davam etdirib. O, MDB Oyunlarının ardınca Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz həlledici görüşdə Birham-Pasa İuseima (Rumıniya) 3:2 (29:28, 30:27, 30:27, 27:30, 28:29) hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Millimizin digər üzvlərindən Şahin Aslanov (60 kq) və Şükar Əliyev (75 kq) isə Avropa çempionatının gümüş medalına yiyələniblər.
Qeyd edək ki, turnirdə 29 ölkədən 382 idmançı mübarizə aparıb.