ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) yanacaqdoldurma təyyarəsi Venesuela yaxınlığında "JetBlue" mülki təyyarəsi ilə toqquşmaq təhlükəsi ilə üzləşib.
"Report"un xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Kyurasaodan Nyu-Yorkdakı Con Kennedi Hava Limanına uçan mülki təyyarə insidentə görə qalxmanı dayandırmağa məcbur olub.
"Səmada az qala toqquşacaqdıq. Onlar trayektoriyamız boyunca uçurdular", - mülki təyyarənin pilotu bildirib.
Bundan əlavə, hadisə zamanı ABŞ-nin hərbi təyyarəsinin transponderi (radar siqnallarına cavab verən elektron ötürücü) söndürülüb.
Qeyd edək ki, rəsmi Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına qarşı kifayət qədər mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu, nüvə sualtı qayığı və 16 min nəfərdən çox hərbi qulluqçu göndərib. Sentyabrdan bəri ABŞ-nin Silahlı Qüvvələri bölgədə azı 20 sürət qayığını batırıb, nəticədə 80-dən çox insan həlak olub.