Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlıları Livan-İsrail sərhədində patrul xidməti həyata keçirərkən yenidən atəşə tutulub.
"Report" xəbər verir ki, bu barədə UNIFIL-in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İsrail qüvvələri Sarda bölgəsində "mavi dəbilqəlilər"ə Merkava tankına quraşdırılmış pulemyotdan atəş açıb.
Məlumatda deyilir: "Livan ərazisində yerləşdirilən tankdan patrulumuza 10-dan çox atəş açılıb. Biz sülhməramlıların atəşə tutulmasını BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi pozulması hesab edirik, çünki İsrail tərəfi onların yeri və patrul vaxtı barədə əvvəlcədən xəbərdar edilib. UNIFIL Komandanlığı İsrail ordusundan sərhəd bölgəsində sabitliyi bərpa etməyə çalışan BMT qüvvələrinə qarşı təcavüzkar davranışını və hücumlarını dayandırmağı tələb edir".