ABŞ-nin Nyu-York ştatının Cənub dairəsi məhkəməsi maliyyəçi Ceffri Epşteyn işi üzrə materialların dərcinə icazə verib.
"Report"un məlumatına görə, bu barədə xarici KİV məlumat yayıb.
Məlumatların açıqlanması ilə bağlı vəsatəti ABŞ Ədliyyə Nazirliyi Konqres tərəfindən qəbul olunmuş, iş üzrə materialların ictimailəşdirilməsini nəzərdə tutan qanuna əsasən təqdim edib.
"Məhkəmə hökumətin vəsatətini Epşteyn işi üzrə materiallar haqqında qanuna və bu işin qurbanlarının məxfiliyinin qorunması üzrə hüququna uyğun olaraq təmin edir", – hakim Riçard Bermanın qərarında qeyd olunur.
Xatırladaq ki, Epşteyn 6 iyul 2019-cu ildə həbs edilib. Nyu-York ştatının Prokurorluğu iddia edib ki, o, 2002-2005-ci illərdə Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qız gətirib, onlardan ən kiçiyi 14 yaşında olub. Onun tanışları arasında keçmiş dövlət başçıları, iş adamları və məşhurlar da daxil olmaqla, ABŞ-dən və xaricdən çoxsaylı nüfuzlu şəxslər olub. 10 avqust 2019-cu ildə Epşteyn həbsxanada intihar edib və bundan sonra cinayət işi dayandırılıb.