Gürcüstan parlamenti "Toplantılar və nümayişlər haqqında" Qanuna düzəlişləri sonuncu - üçüncü oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Plenar iclasda dəyişikliklərin təşəbbüskarlarından biri, Hüquq məsələləri komitəsinin sədri Arçil Gorduladze onları təqdim edib.
Yeni müddəalara əsasən, toplantı və nümayişlərin təşkilatçıları tədbirlərin keçirilməsi barədə əvvəlcədən Daxili İşlər Nazirliyini məlumatlandırmağa borcludurlar.
Bundan əlavə, əgər toplantı və ya nümayiş ictimai təhlükəsizliyə, hüquq-mühafizə qaydalarına, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinə, nəqliyyatın hərəkətinə, insanların sərbəst hərəkətinə və ya insan hüquq və azadlıqlarına real təhdid yaradırsa, dövlət orqanı iştirakçılara alternativ yer, vaxt və ya yürüş marşrutu ilə bağlı göstəriş vermək hüququna malikdir. Bu göstərişlərə əməl olunmaması aksiyanın iştirakçılarının 15 günədək, təşkilatçılarının isə 20 günədək inzibati həbs olunmasına səbəb olacaq.
Qanunun təkrar pozulması halında isə aksiya iştirakçısı və ya təşkilatçısı bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.