IMG-LOGO

Azərbaycan və Slovakiyanın müdafiə sənayesi üzrə əməkdaşlığı hədəflərə töhfə verəcək - RƏY

10.12.2025 23:33 5 baxış
IMG

Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlıq rəsmi Bakının bu istiqamətdə qarşıya qoyduğu hədəflərə çatmasına töhfə verəcək.

Bu barədə "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Şöbə müdiri Vasif Hüseynov danışıb.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında imzalanan sənədlər içərisində müdafiə sənayesi sahəsində əməkdaşlıq barədə niyyət protokolu xüsusi yer tutur:

"Müdafiə sənayesi sahəsində əməkdaşlıq təsadüfi deyil. Çünki Slovakiyanın müdafiə sənayesi son illərdə ciddi göstəricilərə nail olub. NATO standartlarında modernizasiya, Ukraynada müharibə nəticəsində artan tələbat və Avropa İttifaqının müdafiə xərclərini artırması fonunda Slovakiyanın müdafiə sənayesi sürətli inkişaf mərhələsindən keçir. Bu ölkə artıq artilleriya sistemləri (məsələn, Zuzana 2 haubitsası), sursat istehsalı (155 mm mərmilər) və zirehli nəqliyyat vasitələri istehsalında müəyyən uğurlara nail olub. "CSG Defence", "Konštrukta Defence" və "ZVS Holding" kimi aparıcı şirkətlər ixracda ön sıralardadır".

Mütəxəssis hesab edir ki, 2024-cü ildə 1.15 milyard dollar həcmində hərbi sənaye məhsulları ixrac edən Slovakiyanın təcrübəsini öyrənmək və bu ölkənin şirkətlərini cəlb etmək Azərbaycan hərbi sənayesinin inkişafı üçün faydalı olacaq:

"Uzun illər Cənubi Qafqazın ən böyük silah idxalçısı olan Azərbaycan artıq silah istehsalı sahəsində də iddialı bir ölkədir. Son illərdə Azərbaycan Türkiyə, İsrail və Pakistan kimi hərbi texnoloji cəhətdən inkişaf etmiş ölkələrlə də əməkdaşlığı genişləndirib. Türkiyənin "Baykar", İsrailin "Aeronautics" və "Elbit Systems" şirkətləri ilə çoxsaylı ortaq layihələr razılaşdırılıb, bu çərçivədə Azərbaycanda müxtəlif tipli silahların istehsalı və təmiri həyata keçirilir. Bu istiqamətdə fəaliyyət ölkəmizin sənaye bacarığının artmasına şərait yaratmaqla yanaşı, həm də müdafiə təchizatında xarici asılılığın azalmasına şərait yaradır. Təsadüfi deyil ki, 2026-cı ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21 %-ni (8,7 mlrd. manat) təşkil edir".

V.Hüseynov vurğulayıb ki, dövlət başçısı tərəfindən müdafiə sənayesinin daha da inkişaf etdirilməsi, hərbi təyinatlı məhsul sahəsində həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün müvafiq addımların atılması, sənaye klasterinin yaradılması növbəti il üçün qoyulmuş hədəflər arasındadır:

"Bu baxımdan, Azərbaycan və Slovakiya arasında əməkdaşlıq, Slovak şirkətlərinin ölkəmizdə hərbi sənaye sahəsində fəaliyyətə cəlb edilməsi dövlətimizin bu sahədə qarşıya qoyduğu hədəflərə çatmasına töhfə verəcək. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycanın hərbi sənayeni inkişaf etdirməsi heç bir dövlətə qarşı təhdid formalaşdırmır. Slovakiya və Azərbaycan dövlət başçılarının niyyət protokolunu imzaladıqdan sonra mətbuata açıqlamalarda qeyd edildiyi kimi, bu əməkdaşlıq hansısa müharibə niyyəti ehtiva etmir. Bunun əksinə olaraq, bu gün Azərbaycan regionda sülh gündəliyinin əsas təşəbbüskarı kimi çıxış edir".

Xəbər lenti