Avropa İttifaqı (Aİ) Şurası Ukraynanın Avropa İttifaqına qəbulu üzrə danışıqların başlanması perspektivlərinin müzakirəsi üçün Lvovda dekabrın 11-də nazirlər səviyyəsində qeyri-rəsmi görüş keçirəcək.
"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının Danimarka sədrliyinin bəyanatında bildirilib.
Avropa Komissiyası görüşdə genişlənmə üzrə Avropa komissarı Marta Kosun da iştirak edəcəyini bəyan edib.
Həmçinin, AK-nin nümayəndəsi Giyom Mersye bəyan edib ki, Ukraynanın Aİ-yə daxil olma müddəti islahatların həyata keçirilməsindən asılıdır. Bununla yanaşı, Ukrayna hökuməti 2028-ci ilin sonuna qədər giriş danışıqlarını tamamlamaq niyyətində olduğunu bildirib.
"Müharibəyə baxmayaraq, Ukrayna skrininqi uğurla başa çatdıraraq və əsas islahatlarda irəliləyiş əldə edərək Aİ-yə daxil olmaq yoluna sadiq qalmaqda davam edir," – Mersye deyib.
Onun sözlərinə görə, Ukrayna hüququn aliliyi, dövlət idarəçiliyi və demokratik institutların fəaliyyəti üzrə yol xəritələrini, həmçinin Komissiyanın müsbət qiymətləndirdiyi milli azlıqlar üzrə fəaliyyət planını qəbul edib.