IMG-LOGO

Slovakiya ilə əməkdaşlığın dərinləşməsi Azərbaycana dividentlər qazandırır - RƏY

10.12.2025 17:31 5 baxış
IMG

Slovakiya ilə əməkdaşlığın dərinləşməsi Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividentlər qazandırır.

Bu barədə "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Şahmar Hacıyev danışıb.

O qeyd edib ki, Slovakiya və Azərbaycan arasında strateji tərəfdaşlıq artıq formalaşıb:

"2024-cü ildə tərəflər arasında strateji tərəfdaşlığa dair bir sənəd imzalandı. Sənədə əsasən, ölkələrimiz strateji tərəfdaşlıq istiqamətində mühüm addımlar atmalı idi. Gedişat onu göstərir ki, artıq iki ölkə arasında bu istiqamətdə mühüm addımlar atılıb, Azərbaycan Prezidentinin son səfəri də bunun bariz nümunəsi oldu".

Müsahibin sözlərinə görə, iki ölkə arasında enerji sahəsində də etibarlı əməkdaşlıq formalaşıb:

"Artıq SOCAR qısa müddətli də olsa, Slovakiya qaz bazarına Azərbaycan təbii qazını ixrac edib. Bu, Slovakiya üçün çox mühüm hadisə idi, çünki onlar qaz şəbəkəsinin və idxalının şaxələndirilməsində olduqca maraqlıdırlar. Diqqətə çatdırım ki, Azərbaycan, Bolqarıstan, Rumuniya, Slovakiya arasında həmrəylik halqası adlı bir layihə də imzalanıb və bu layihəyə əsasən, Azərbaycanın Mərkəzi və Şərqi Avropaya 5 milyard kubmetr qaz ixracını nəzərdə tutur. Bu, çox vacib bir layihədir, çünki sözügedən ölkələrin qaz idxalı Rusiyadan asılıdır və Azərbaycan qazının bu ölkələrə daxil olması Bolqarıstan, Rumuniya, Macarıstan və Slovakiyaya imkan verəcək ki, qaz alışını şaxələndirsinlər".

Ş.Hacıyev bildirib ki, son səfər Azərbaycanın Slovakiya ilə təkcə təbii qaz sahəsində yox, həm də iqtisadiyyatın digər sahələrində əməkdaşlıqda maraqlı olduğunu göstərib:

"Çünki Azərbaycan da artıq iqtisadiyyatını şaxələndirmək istəyir, ona görə də qeyri-neft sektorunun inkişafına yönəlib, bu bizim üçün böyük əhəmiyyət kəsib edir. Bu mənada iki ölkə arasında iqtisadiyyatın digər sahələri-alternativ və bərpaolan enerji, innovativ iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Slovakiya və Azərbaycan arasında alternativ və bərpaolunan enerjinin ixracı mühüm bir plandır. Çünki Azərbaycan gələcəkdə Qara dəniz sualtı kəməri ilə Avropa bazarlarına ı̇lkin mərhələdə Cənubi Qafqazdan-Azəərbaycan və Gürcüstandan, sonra isə Mərkəzi Asiya regionundan təmiz enerji, yəni elektrik enerjisinin ixracını nəzərdə tutur və Slovakiya bu layihəyə qoşulmaqla Azərbaycandan, regiondan təmiz enerji ala biləcək".

Azərbaycan üçün Slovakiya ilə əlaqələrinin genişlənməsinin əhəmiyyətinə gəldikdə isə ekspert bunun Azərbaycan Avropanın iqtisadi-siyasi həyatında rolunu daha da gücləndirəcəyini söyləyib:

"Artıq bir çox Avropa ölkələri ilə Azərbaycan arasında sıx iqtisadi, siyasi əməkdaşlıq formalaşıb və Slovakiya ilə də Azərbaycanın əməkdaşlığının dərinləşməsi ölkəmiz üçün həm siyasi, həm də iqtisadi dividentlər qazandırır. Onu da qeyd etmək istərdim ki, xüsusən təbii qaz, infrastruktur, yaşıl enerji sahələrində əməkdaşlıq həm də Slovakiya şirkətlərinin Azərbaycanda aktiv sərmayə yatırmasına və iki ölkə arasında əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək. Slovakiya kimi Avropa ölkəsinin Azərbaycana investisiya qoyması üçün mühüm, münbit şərait var. Əgər Slovakiyanın illik qaz istifadəsinə baxsaq, görərik ki, bu ölkənin qaz istifadəsi 4-5 milyard kubmetr civarındadır və Azərbaycandan qaz alışı onlar üçün olduqca əhmiyyətlidir. Çünki ölkə həm qaz asılılığını azaldacaq, həm də enerji təhlükəsizliyini gücləndirəcək".

Xəbər lenti