IMG-LOGO

Astanada Türk Ədliyyə Təlim Şəbəkəsinin forumu keçirilib

10.12.2025 17:36 4 baxış
IMG

Astanada Qazaxıstan Ali Məhkəmə Şurasının 10 illiyinə həsr olunmuş Türk Ədliyyə Təlim Şəbəkəsinin beynəlxalq forumu keçirilib.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, tədbirin əsas mövzusu milli ənənələr və beynəlxalq standartların balansını nəzərə alınmaqla insan hüquqlarının müdafiəsi və səmərəli ədalət mühakiməsi olub.

Forum hakim kadrlarının hazırlanması, seçilməsi və təyin edilməsinə müasir yanaşmaların müzakirəsi üçün platformaya çevrilib. Forumun işində Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistandan nümayəndə heyətləri, dövlət orqanlarının, məhkəmə sisteminin nümayəndələri, parlament üzvləri, alimlər, beynəlxalq ekspertlər və s. iştirak ediblər.

Azərbaycan Ali Məhkəməsinin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov hakimlərin hazırlanması sahəsində türk dövlətlərinin qarşılıqlı əlaqəsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, ölkələr arasında təcrübə və biliklərin mübadiləsi məhkəmə sistemlərinin təkmilləşdirilməsi üçün faydalı və səmərəli olacaq.

Onun sözlərinə görə, Azərbaycan türk dövlətləri ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir və bunu prioritet istiqamət kimi nəzərdən keçirir.

Ç.Əsgərov, həmçinin xatırladıb ki, məhz Azərbaycan Ali Məhkəməsi Türk Dövlətlərinin Ali Məhkəmələrinin Konfransının yaradılması təşəbbüsü ilə çıxış edib və iki il əvvəl Şuşada müvafiq bəyannamə imzalanıb. Bu formatın, eləcə də Məhkəmə-Hüquq Şuraları Konfransının inkişafı dövlətlərarası əməkdaşlığa əlavə təkan verir və ölkələr arasında qarşılıqlı anlaşmanı gücləndirir.

Öz növbəsində, Ali Məhkəmə Şurasının üzvü, Qazaxıstan Ali Məhkəməsinin hakimi Erlan Aycanov qeyd edib ki, Qazaxıstan və Azərbaycanın, eləcə də digər türk ölkələrinin məhkəmə orqanlarının nümayəndələri arasında artıq təkcə işgüzar deyil, həm də şəxsi münasibətlər formalaşıb və bu, daha açıq və konstruktiv dialoqa kömək edir.

Forum iştirakçıları Türk Ədliyyə Təlimi Şəbəkəsi çərçivəsində təcrübə mübadiləsinin, təhsil standartlarının harmonizasiyasının və birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd edilib ki, belə birgə iş məhkəmə sisteminə etimadı möhkəmləndirir və regional əməkdaşlığın inkişafına töhfə verir.

Xəbər lenti