Azərbaycan–Slovakiya strateji əməkdaşlığı təkcə ikitərəfli münasibətləri deyil, həm də regional enerji təhlükəsizliyini və Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan–Slovakiya münasibətləri qarşılıqlı hörmət, strateji maraqlar və uzunmüddətli əməkdaşlıq üzərində qurulub:
"Enerji, nəqliyyat, müdafiə sənayesi, rəqəmsal texnologiyalar və sənaye sahələrində geniş əməkdaşlıq potensialı mövcuddur. İki ölkə arasında qarşılıqlı etimadın və siyasi iradənin mövcudluğu bu tərəfdaşlığın daha da dərinləşəcəyini göstərir. Azərbaycan və Slovakiya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin ən yüksək səviyyəyə çatdırıb. Bu sənədin imzalanmasından sonra əməkdaşlıq praktiki olaraq bütün sahələr üzrə genişlənib".
Deputat qeyd edib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir və energetika Azərbaycan–Slovakiya münasibətlərinin ənənəvi və strateji istiqamətlərindən biridir:
"Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya nəql edilib. Azərbaycanın zəngin qaz ehtiyatları ölkəmizə həm Slovakiyanın, həm də digər Avropa dövlətlərinin enerji təhlükəsizliyinə töhfə vermək imkanı yaradır. Yeni yataqların istismara verilməsi ilə Azərbaycanın ixrac imkanları daha da artacaq və Slovakiya da daxil olmaqla, region ölkələrinə enerji təchizatı geniş həcmdə təmin edə biləcək".
O qeyd edib ki, Azərbaycan müdafiə sənayesi sahəsində Slovakiya ilə əməkdaşlığı geniş perspektivli və qarşılıqlı faydalı sahələrdən biri kimi qiymətləndirir:
"Bu əməkdaşlıq hərbi məqsədlərdən çox sənaye və texnoloji inkişafın təmin edilməsi məqsədi daşıyır. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi nəticəsində yeni məhsulların istehsalı həm dünya bazarlarına çıxış imkanları yaradacaq, həm də ölkəmizdə yüksək texnoloji inkişafın sürətlənməsinə xidmət edəcək".
P.Vəliyeva əlavə edib ki, Azərbaycan xarici siyasət prioritetlərini uzun müddət əvvəl müəyyən edib və bu gün Avrasiyada mühüm bağlantı mərkəzlərindən birinə çevrilib. Son illər Azərbaycanın nəqliyyat infrastrukturu, logistika şəbəkəsi və enerji layihələrinə qoyduğu sərmayələr nəticəsində Azərbaycan Orta Dəhlizin ən etibarlı hissəsinə çevrilib.
"Şərqdən Qərbə ən təhlükəsiz və qısa yol Azərbaycan üzərindən keçir. Bu, Slovakiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır. Rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzlərinin yaradılması Azərbaycan–Slovakiya əməkdaşlığının yüksələn istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə üstünlüyü iki əsas amildən qaynaqlanır. İqlim müxtəlifliyi ölkədə ilboyu soyuq bölgələrin mövcudluğu data mərkəzlərinin səmərəli fəaliyyətinə imkan yaradır. Bu isə Slovakiya şirkətləri ilə əməkdaşlıq üçün yeni imkanlar açır".
Deputat vurğulayıb ki, genişlənən qaz ixracı, bərpa olunan enerji imkanları, data mərkəzləri üçün yaradılan şərait və nəqliyyat dəhlizlərində Azərbaycanın artan rolu iki ölkə arasında qarşıdakı illərdə daha genişmiqyaslı layihələrin reallaşmasına zəmin yaradır.
"Bütün bunlar göstərir ki, Azərbaycan–Slovakiya strateji əməkdaşlığı təkcə ikitərəfli münasibətləri deyil, həm də regional enerji təhlükəsizliyini və Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir", - deyə o vurğulayıb.

