IMG-LOGO

KİV: İsrail Livanda bufer zonası yaratmaq üçün quru əməliyyatına hazırlaşır

23.09.2024 04:46 53 baxış
IMG

İsrail hərbi komandanlığı Livanın cənubunda bufer zonası yaratmaq məqsədilə ərazilərin ələ keçirilməsini nəzərdə tutan quru əməliyyatına hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə “The Economist” mənbələrə istinadən bildirib.

“Quru müdaxiləsi planları hazırdır. Ancaq bu planları gerçəkləşdirmək üçün burada hələ yetərincə qüvvəmiz yoxdur”, – Livan istiqamətində strategiyanın hazırlanmasında iştirak edən ehtiyatda olan zabitlərdən biri bildirib.

“The Economist” xatırladıb ki, daha əvvəl İsrail Müdafiə Ordusu Qəzza zolağından iki diviziyanı Livan sərhədinə köçürüb.

Jurnal qeyd edib ki, Livanda rabitə qurğularının partladılmasından sonra Yaxın Şərqdə gərginliyin artmasına baxmayaraq, İsrail ilə Livandakı “Hizbullah” hərəkatı arasında tammiqyaslı müharibədən hələ söhbət getmir. Nəşrə görə, “Hizbullah” tammiqyaslı döyüş əməliyyatlarına keçdiyi təqdirdə, İsrailin mərkəzi hissəsindəki hədəfləri məhv etmək üçün daha uzaqmənzilli raketlərdən istifadə etməyə başlayacaq və yəhudi dövlətinin ərazisində reydlər keçirəcək.

“The Economist” vurğulayıb ki, İsrail öz növbəsində hadisələrin bu cür inkişafı zamanı “Hizbullah”ın raket anbarlarına və atəş mövqelərinə bombardmanı gücləndirəcək, həmçinin Livanın özündə hərəkata qarşı narazılıq yaratmaq ümidi ilə mülki infrastruktura zərbələr endirəcək. Bununla yanaşı, jurnalın məlumatına görə, İsrailin hərbi-siyasi rəhbərliyində Livan ətrafındakı vəziyyətlə bağlı fikir birliyi yoxdur.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti