Sentyabr ayının əvvəlindən Meksikada cinayətkar qruplar arasındakı toqquşmalarda 100-dən çox ölən və itkin düşən olub.
Lent.az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Sinaloa ştatında 53 nəfər öldürülüb, 51 nəfər itkin düşüb.
Sinaloada iki güclü narkotik qruplaşma arasında münaqişə iyulda bu qruplardan birinin lideri İsmael "El Mayo" Zambadanın ABŞ-da həbs edilməsi ilə başlayıb. 74 yaşlı Zambada bildirib ki, “Los Çapitos” qruplaşması onu oğurlayaraq sonradan təyyarə ilə ABŞ-a göndərib. Bu da sentyabrın 9-dan iki qruplaşma arasında qanlı toqquşmaların başlamasına səbəb olub. Nəticədə ştatda bir çox məktəblər bağlanıb, restoran və mağazalar gün ərzində qısa rejimdə çalışır.
Zorakılığı aradan qaldırmağa çalışan Meksika hüquq-mühafizə orqanları “Los Çapitos” qruplaşmasının liderinin mühafizə xidmətinin rəisini olduğu ehtimal olunan şəxsi və hazırda həbsdə olan “Sinaloa”-nın keçmiş rəhbərinin oğlunu həbs ediblər.
Meksika Prezidenti Andres Manuel Lopes Obrador bəyan edib ki, ABŞ Sinaloa ştatında zorakılıq dalğasına görə qismən məsuliyyət daşıyır.