İtaliyanın "Yuventus" klubunda çıxış edən Türkiyə millisinin futbolçusu Kenan Yıldız UEFA Çempionlar Liqasında (ÇL) yeni rekordlara imza atıb.
"Report"un məlumatına görə, hücumçu buna Niderlandın PSV komandasına qalib gəldikləri (3:1) Liqa mərhələsinin I turunun matçında fərqlənməklə nail olub.
Qarşılaşmada hesabı açan forvard Alessandro Del Pyeronun rekordunu qırıb. O, Turin təmsilçisində bu turnirdə ən gənc yaşda (19 yaş 136 gün) qol vuran oyunçu adına sahib çıxıb. İtaliya millisinin sabiq üzvü 1995-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) klubunun qapısına 20 yaş 308 günündə yol tapıb.
Bundan əlavə, Kənan Yıldız Türkiyənin də tarixinə düşüb. O, Cengiz Ünderi (20 yaş 222 gün) geridə qoyaraq ÇL-də bu ölkənin ən gənc qolçusu olub.
Nəhayət, hücumçu ÇL-də mövsümün ilk qolunu vuran ən gənc futbolçudur. Əvvəlki rekord 1992/1993 mövsümündə Belçikanın "Brügge" komandasında çıxış edən Daniel Amokaçiyə (19 yaş, 331 gün) məxsus olub.
Bizim Telegram kanalımıza abunə olun