Dünya çempionatının seçmə mərhələsində qrupdan çıxacağımızı düşünürəm.
Bunu “Report”a açıqlamasında Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi Sahib Məmmədov deyib.
Mütəxəssis mundialın seçmə mərhələsində yer aldıqları qrupdakı rəqibləri dəyərləndirib:
“İspaniya, Gürcüstan və İngiltərə ilə eyni qrupda olacağıq. İspaniyanın səviyyəsi məlumdur, çox güclü komandadır, dəfələrlə Avropa çempionu olublar. Sonuncu dəfə ötən il Avropa çempionatının finalında çıxış ediblər və uduzublar. Bu il isə Avropa dördüncüsü olublar. İngiltərə futbol ölkəsidir. Zəif deyillər, onlara qarşı oynamaq lazımdır. Gürcüstan millisinə gəlincə, bu il Avroliqanın B divizionunda finalda Ukraynaya məğlub olublar. Buna baxmayaraq, zəif olduqlarını deyə bilmərəm. Ümumilikdə normal qrupa düşmüşük. Millimizin də öz səviyyəsi var. Qrupdan çıxacağımızı düşünürəm”.
Baş məşqçi reqlamentin çətin olduğunu vurğulayıb:
“Ümumilikdə 6 qrupda 24 komanda olacaq. Dünya çempionatının əsas mərhələsinə cəmi 4 yığma vəsiqə qazanacaq. Reqlament çox çətindir. Məqsədimiz tarix yazıb, ilk dəfə dünya çempionatının əsas mərhələsinə vəsiqə əldə etməkdir”.
S.Məmmədov Türkiyədə nəzərdə tutulan təlim-məşq toplanışı barədə də fikirlərini bölüşüb:
“Sentyabrın 25-də Türkiyənin Alaniya şəhərinə gedəcəyik. Bir həftəlik təlim-məşq toplanışından sonra Türkiyədən birbaşa İspaniyaya yola düşəcəyik. Hazırlıq prosesi yaxşı gedir. Həftədə 5 dəfə Bakıda məşq edirik. Təlim-məşq toplanışını Alaniyaya salmağımızın məqsədi iki yoldaşlıq görüşü keçirməkdir. Sentyabrın 27-si və 29-da Türkiyə yığması ilə oyunlar planlaşdırılıb. Çatışmazlıqları aradan qaldırıb komandanı dünya çempionatının seçmə mərhələsinə hazırlamaq istəyirik. Heyətdə heç bir dəyişiklik gözlənilmir, elə bu kollektivlə oyunlara çıxacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi dünya çemnpionatının seçmə mərhələsində A qrupunda İspaniya, İngiltərə və Gürcüstanla mübarizə aparacaq.
Bizim Telegram kanalımıza abunə olun