Meksikalı Saul Alvares 76,2 kq çəki dərəcəsində Dünya Boks Şurasının (WBC), Dünya Boks Assosiasiyasının (WBA) və Dünya Boks Təşkilatının (WBO) versiyasına görə dünya çempionu titulunu qoruyub.
“Report” xəbər verir ki, o, Las-Veqasda (ABŞ, Nevada ştatı) keçirilmiş 12 raundluq döyüşdə yekdil qərarla puerto-rikalı Edqar Berlanqa qalib gəlib.
34 yaşlı Alvares WBC və WBA üzrə dünya titullarını yeddinci, WBO üzrə isə beşinci dəfə qoruyub. Bundan əvvəl Beynəlxalq Boks Federasiyası (IBF) kubalı Uilyams Skulla qarşı məcburi qorumanı yerinə yetirməkdən imtina etdiyi üçün onun kəmərini əlindən alan meksikalı mütləq dünya çempionu titulundan məhrum edilmişdi.
Alvares 2021-ci ildə mütləq dünya çempionu titulunu qazanıb və onu üç dəfə qoruyub. 2022-ci ildə isə o, rusiyalı Dmitri Bivola məğlub olub və 79,38 kq çəki dərəcəsində WBA dünya çempionu kəmərini qazana bilməyib. Meksikalının hesabında indi 62 qələbə (39 nokaut), 2 məğlubiyyət və 2 heç-heçə var.
Bizim Telegram kanalımıza abunə olun